Ərdəbil məhkəməsi Vasiqi qardaşlarına 2 il həbs cəzası verib
Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi daha əvvəl kassasiya şikayətinə baxdığı türk fəallar Əli və Rza Vasiqi qardaşlarının hökmünü açıqlayıb.
Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə hökmünə istinadən, Vasiqi qardaşlarının hər birinə 2 il həbs cəzası verilib.
Əli və Rza Vasiqi keçən avqust ayında ilkin məhkəmədə müvafiq olaraq 3 il və 2 il həbs cəzası almışdılar. Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi siyasi fəalları “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə mühakimə etmişdi.
Vasiqi qardaşları keçən iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxıldılar. Həmin günlərdə, fəalların saxlanma zamanı ağır şəkildə döyüldüyü bildirilmişdi.
Əli Vasiqi daha əvvəl də Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar həbs və mühakimə edilib.
VOA