Ərdəbil məhkəməsi Meysəm Colanini yenidən mühakimə edəcək
Ərdəbil Məhkəməsi daha əvvəl qiyabi olaraq mühakimə etdiyi türk fəal Meysəm Colaninin etirazını qəbul edib. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Colani iyunun 30-da yenidən mühakimə ediləcək.
Ərdəbil Cəza Məhkəməsinin 102-ci şöbəsinin hakimi Əkbər Heydəri daha əvvəl qiyabi olaraq mühakimə etdiyi milli fəalı 6 ay həbs və 74 şallaq cəzasına məhkum etmişdi. Hökm bir neçə ay əvvəl çıxarılsa da, Colaniyə iyunun 15-də bildirildi.
“Türk fəal iyunun 15-də Ərdəbil Məhkəmə Kompleksinə müraciət etdiyi zaman bir neçə ay əvvəl çıxarılmış sallaq və həbs hökmündən xəbərdar olub. Lakin, o, məhkəmə tərəfindən heç bir çağırış vərəqəsi almadığı və məhkəmə iclasının keçirildiyindən xəbərsiz olduğunu bildirərək, dərhal etiraz ərizəsi hazırlayıb,” HRA-nın xəbərində dərc edilib
Meysəm Colani 2019-cu ilin noyabr ayında İranın müxtəlif vilayətlərində keçirilən kütləvi etirazlarla əlaqədar nəzarət altına alınmışdı. O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılaraq, “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə edildi.
Son vaxtlar İran Azərbaycanında şallaq və ya ağır həbs cəzalarına məhkum edilən fəalların bir sırası qiyabi olaraq mühakimə edilib. O cümlədən, Siyamək Mirzayi Cənubi Xorasan vilayətində sürgündə yaşadığı üçün Tehranda keçirilən məhkəmə iclasına, Əli Əzizi isə Təbrizdə həbsdə olduğu üçün Urmiyədəki məhkəmə iclasına qatıla bilməyib.VOA