Əlirza Fərşi 3 günlük aclıq aksiyasına başlayıb
Böyük Tehran Həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin 3 günlük aclıq aksiyasına başladığı bildirilir.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, hal-hazırda Böyük Tehran Həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan Əlirza Fərşi 12 dekabr tarixindən etibarən 3 günlük aclıq aksiyasına başlayıb.
Türk dil haqları sahəsində dinc fəaliyyət göstərən Fərşi, 11 dekabr tarixində həbsxanadan göndərdiyi açıq bir məktubda aclıq aksiyasının səbəbinin İranda qeyri-fars xalqların ana dillərində təhsil və öz müqəddəratlarını təyin etmək haqlarından məhrum edilməsi olduğunu açıqlayıb.
Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi həbsxanadan göndərdiyi açıq məktubda həmçinin ətraf mühitin çirkləndirilməsi, o cümlədən Urmiyə gölünün quruması, Araz çayına tullantıların tökülməsi, fəhlə və müəllim sinfinin dolanışıq vəziyyəti, Azərbaycan bölgəsində olan işsizlik problemi, habelə azərbaycanlı milli fəallara qarşı qeyri-qanuni təzyiqləri 3 günlük aclıq aksiyasına başlamasının səbəbləri kimi göstərib.
Ana dili hüquqları fəalı olan Əlirza Fərşi aclıq aksiyasını 1945-ci ilin dekabr ayının 12-də İran Azərbaycanında bərpa olunan Azərbaycan Milli Hökumətinin quruluş tarixi ilə eyni gündə başlayıb.
Bundan əvvəl İranda məktəblərin açılması günü Əlirza Fərşi və Abbas Lisani ölkədə qeyri-fars etnik qrupların ana dilində təhsil almaq hüququndan məhrum buraxılmasına etiraz olaraq 3 günlük aclıq aksiyası keçirmişdi.
Milli fəal Əlirza Fərşi 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə həbs edilmişdi və hal-hazırda bu iddia ilə əlaqədar ona qarşı verilən 2 illik həbs cəzasını çəkməkdədir.
Fərşi həmçinin keçən ilin yanvar ayında həbsdə ikən yeni qaldırılan iddia əsasında “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 3 il 6 ay və “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.
Əlirza Fərşi türk dil haqları üzrə apardığı dinc fəaliyyətlərdən dolayı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məhkum edilib.