Zəncanda bir edam hökmü icra edilib, Ərdəbildə bir məhbus edam gözləyir
Son həftələr Bəluçistan bölgəsi başda olmaqla İranın müxtəlif vilayətlərində bir çox edam hökmü icra edilib. Hüquq müdafiəçiləri keçən günlərdə bir məhkumun Zəncan həbsxanasında dar ağacından asıldığı, bir nəfərin isə Ərdəbil həbsxanasında edam gözlədiyinə dair məlumat yayıb.
İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, daha əvvəl qətl ittihamı ilə qisas hökmünə məhkum edilmiş Abbas Əlihüseyni keçən çərşənbə günü Zəncanın mərkəzi həbsxanasında edam edilib. Yayılan məlumata görə, Əslən Əbhər şəhərindən olan Əlihüseyni 3 il idi həbsdə idi.
İran HR həmçinin Ərdəbil həbsxanasında saxlanılan Əli Ərjəngi Qocabəylinin edam təhlükəsi altında olduğunu bildirib. Ərjəngi 17 yaşında ikən bir şəxsi qətlə yetirmək ittihamı ilə ölüm cəzasına məhkum edilib.
O, İran HR təşkilatına göndərdiyi bir səs faylında bildirib ki, “qətlə yetirilən şəxsin ailəsi qisas yerinə məndən ‘diyə’ (şəriət qanunlarına görə hesablanan bir təzminat növü) almağı qəbul edib. Fəqət, mən verilən möhlətə qədər istədikləri 1 milyard tümən diyə məbləğini hazırlaya bilmərəm.”
İran HR qrupunun daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə İranda edam hökmü həyata keçirilən təqribən 280 məhkumdan 225-i qətl ittihamı ilə mühakimə edilmişdi. Həmçinin 2019-da dar ağacından asılan məhbuslardan dördünün yaşı mühakimə olunduğu zaman 18-dən aşağı olub.