Zəncan vilayətində su qıtlığı ilə bağlı durum daha da pisləşir
İllərdir su qıtlığından əziyyət çəkən Zəncan vilayətində bu il durum daha da pisləşib. Zəncan vilayəti Su və Kanalizasiya Şirkətinin müdiri Əlirza Cüz-Qasimi bu barədə məlumat verib.
Cüz-Qasimi Zəncan vilayətinin mənbələrində su səviyyəsinin keçən il eyni dövrə görə 50 faiz azaldığını bildirib.
“Zəncan vilayəti əhalisinin 80 faizinin yaşadığı Zəncan, Əbhər və Xürrəmdərə şəhərlərində içməli su durumu yaxşı deyil. Bu ilin su qıtlığı səbəbilə vətəndaşların su istehlakına qənaət etməsi zəruridir,” müdir söyləyib.
Zəncan vilayətində yayımlanan “Mardom-e No” qəzeti mayın 17-də vilayətdə su böhranını ilk səhifəsində gündəmə gətirib.
Qəzetin baş səhifəsində həm bir müddət əvvəl Əbhər şəhərində bəzi evlərə xəsarət verən daşqınlara, həm də kritik vəzəiyyətdə olan su qıtlığına diqqət çəkilib. Qəzetdə su rezervləri ilə bağlı vilayətin iflas vəziyyətinə çatdığı qeyd edilib.
İSNA xəbər agentliyi də Zəncan vilayətinin Əbhər şəhərində baş verən daşqınlarla bağlı bazar günü “yenə yağış, yenə sel, yenə səhv idarəetmə problemi” başlıqlı bir reportaj yayıb.
VOA