Zəncan mədənlərinin ətraf mühitə təsirləri
İran Azərbaycanının Zəncan vilayətindəki sink və qurğuşun mədənində səhv metodlardan istifadə edilməsi nəticəsində insanların həyatına böyük zərər verə biləcək ətraf mühitin çirklənməsi kimi problem meydana gəlib.
Zəncan Universitetinin torpaq elmləri üzrə professoru Dr. Əhməd Gülçin Tasnim xəbər agentliyinə verdiyi müsahibədə Zəncanda yerləşən sink və qurğuşun mədəninin tullantılarının səbəb olduğu ətraf mühit çirklənməsi barəsində xəbərdarlıq edib. O, yüksək miqdarda ağır metalların olduğu tullantıların ətraf mühitin çirklənməsinə səbəb olduğunu və insanlar üçün ciddi şəkildə təhlükəli durum yaratdığını vurğulayıb
Bu, ilk dəfə deyil ki, Zəncan sink və qurğuşun mədəninin ətraf mühiti çirkləndirməsi və insanlara təhlükəsi haqda xəbərdarlıq verilir. Keçən ilin fevralında Zəncan Tibb Elmləri Universitetinin rektoru Pərviz Qızılbaş çıxışlarının birində bu mədənlərin yaxın gələcəkdə ətraf mühit çirklənməsi və dolayısı ilə insanlara zərər verəcəyi barədə xəbərdarlıq vermişdi.
Əhməd Gülçin bildirib ki, Zəncan Universiteti torpaqşünaslıq qrupu tərəfindən aparılan tədqiqat nəticəsində tullantıların saxlanıldığı yerlərdə və onun ətrafında yüksək miqdarda turşular təsbit edilib.
O bu turşuların yağış sularına qarışıb başqa yerlərə daşındığını və bunun insanların sağlımlığına və ətraf mühitə böyük təhlükə təşkil etdiyini ifadə edib.
Torpaqşünaslıq üzrə professor habelə tullantılarda arsen, kadmium və qurğuşun kimi ağır metalların olduğunu bildirib.
O, diqqətsizlik və səhv metodlar nəticəsində yaranan problemlərin bir nümunəsi kimi mədənə yaxın alma bağlarında yüksək miqdarda ağır metal tullantılarının təsbit edildiyini göstərib. O bunu bir “faciə “kimi dəyərləndirərək, alma bağlarının məhsullarında standart miqdardan tam 30 min qat daha çox kadmium metalı mövcud olduğunu da qeyd edib.
Əhməd Gülçin bu ağır metalların asanlıqla insanın qida məhsullarına daxil olaraq xərçəng kimi ağır xəstəliklərə səbəb ola biləcəyi haqda xəbərdarlıq edib.
Son zamanlar təkrar gündəmə gətirilən mədən tullantıları nəticəsində torpaqlarda ağır metalların aşkarlanması və qida məhsullarına insan sağlamlığına yüksək səviyyədə təhlükəsi olan maddələrin daxil olma məsələsi narahatlığa səbəb olub.
İllərdir ki Zəncan xalqı və ətraf kənd əhalisi sink və qurğuşun zavodunun fəaliyyətinə etiraz edir, ancaq bu zavodun və mədənin işləmə metodlarında hər hansı bir dəyişiklik aparılmır.