Zəncan əsilli etirazçı Məhəmməd Məlikiyə 10 ildən artıq həbs cəzası verilib
İranın Zəncan vilayətinin sakini Məhəmməd Məliki həmin vilayətin Apellyasiya Məhkəməsi tərəfindən 10 il 3 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib. Bu cəzanın beş ilinin icrası 5 il müddətinə şərti hesab edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin verdiyi məlumata görə, Məliki “sistemə qarşı təbliğat aparmaq”, “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” və “Zəncan Məhəllələrinin Gəncləri” adlı Telegram kanalı yaradaraq idarə etmək” ittihamları ilə əlaqədar təqsirkar bilinib və müvafiq olaraq, 8 ay, 3 il 7 ay və 6 il 1 gün, ümumilikdə 10 il 3 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhəmməd Məliki bu il sentyabrın 19-da İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölmələri tərəfindən saxlanılıb. O təxminən bir ay müddətinə təcridxanada dindirildikdən sonra oktyabr ayında 600 milyon tümən girov məbləği müqabilində müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Məliki İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölmələrinin təcridxanasında saxlandığı müddətdə vəkilə çatım hüququndan və ailəsi ilə görüşmək imkanından məhrum edilib.
Sentyabr ayında Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində İranın bəzi bölgələrində geniş şəkildə internetə bağlanmaq probleminin yaşandığı haqda məlumat verilib. Eyni zamanda, İslam Respublikasının təhlükəsizlik qüvvələri 2022-ci il etirazlarında həyatını itirənlərin ailələrinə vəfat edən yaxınlarının ildönümü mərasimini keçirməmələri üçün təzyiqlər etdiyi barədə xəbərlər yayılıb. Həmçinin, qadın hüquq müdafiəçiləri də daxil olmaqla, bir çox syasi və ictimai fəal təhlükəsizlik qüvvələri tərəfindən geniş şəkildə həbs edilib.