Yürüş Mehrəlibəyliyə ailəsi ilə telefon əlaqəsi saxlamağa icazə verilib
Güneyli siyasi fəal Yürüş Mehrəlibəyliyə kəşfiyyat təcridxanasından ailəsi ilə bir dəqiqəlik telefon əlaqəsi saxlamağa icazə verildiyi bildirilib.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Yürüş Mehrəlibəyliyə dünən axşam saatlarında ailəsinə zəng etməyə icazə verilib. Bu telefon zəngi cəmi 1 dəqiqə davam edib və sonra əlaqə kəsilib.
Noyabrın 7-də İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən azərbaycanlı fəal Yürüş Mehrəlibəyli dindirilmək üzrə Təbriz Kəşfiyyat İdarəsinə köçürülüb. Bir həftə həbsindən sonra onun ailəsilə qısa telefon əlaqəsi saxlamağa icazə verilib.
Siyasi məhbuslarla bağlı xəbər yayan Abbas Lisani Telegram kanalında dərc olunan məlumata görə, qısa zəngdən bir gün sonra, bu gün noyabrın 15-də bu siyasi fəalın ailəsi Təbriz Ümumi və İnqilab Məhkəməsinin Prokurorluğuna müraciət edib. Lakin şöbənin hakimi onların ailəsinə Yürüş Mehrəlibəylinin ən az iki ay nəzarətdə saxlanılacağını bildirərək onlardan məhkəməyə gəlməmələrini istəyib.
SEE ALSO:
Yürüş Mehrəlibəyli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib
Yürüş Mehrəlibəyli noyabrın 7-də axşam saatlarında Culfa şəhərində İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs ediləndən sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.
Onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat yoxdur.
Yürüş Mehrəlibəyli daha əvvəl də siyasi fəaliyyətlərindən dolayı həbs edilib və uzunmüddətli həbs cəzasına məhkum edilib.