Yanacaq çatışmazlığı Qəzzaya yardımın çatdırılmasını çətinləşdirir
BMT rəsmiləri bildirir ki, telefon şəbəkələri və nəqliyyat vasitələri üçün nəzərdə tutulan yanacaq çatışmazlığı Qəzzaya humanitar yardımın çatdırılması səylərini çətinləşdirir. Bu məlumat Ümumdünya Ərzaq Proqramı rəhbərinin Qəzzada vəziyyətin pisləşməsi ilə bağlı xəbərdarlığından bir gün sonra verilib.
Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeynin sözlərinə görə, Qəzzadakı mülki əhali “birbaşa aclıq ehtimalı” ilə üz-üzədir.
“Qəzzada qida və su təchizatı praktiki olaraq yoxdur və ehtiyac duyulan təchizatların yalnız bir hissəsi sərhədlərdən gəlir” deyə Makkeyn cümə axşamı verdiyi açıqlamada bildirib. O həmçinin əlavə edib ki, “Bir operativ sərhəd keçidi ilə mövcud aclıq ehtiyaclarını ödəmək mümkün deyil. Yeganə ümid Qəzzaya həyat qurtaran qidaların gətirilməsini nəzərdə tutan humanitar giriş üçün başqa bir təhlükəsiz keçidin açılmasıdır”.
Qəzzadakı bütün telekommunikasiya xidmətləri, xidmət təminatçılarının generatorlarını işə salmaq üçün lazım olan yanacağı qurtardıqdan sonra, cümə axşamı gecə saatlarında dayandırılıb.
Qəzzadakı fələstinli rəsmilər, İsrailin HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq hava və qurudan böyük bir hücuma keçməsindən bəri təxminən 40%-i uşaqlar olmaqla 11 mindən çox insanın həlak olduğunu bildirir.
Hökumətin məlumatına görə, HƏMAS-ın İsrailin cənubunda 1200-dən çox insanın ölümünə səbəb olan hücumundan qısa müddət sonra İsrail Qəzzada blokada tətbiq edib.
Cümə axşamı İsrail ordusu Şifa xəstəxanasını 4000 litr su və 1500 hazır yeməklə təmin etdiyini bildirib.
“Xəstələr və personal da daxil olmaqla mülki şəxslərin rifahı prioritet olaraq qalır” deyə İsrail Müdafiə Qüvvələri əvvəllər Twitter kimi tanınan X platformasında yazıb.
Cümə günü İsrail Müdafiə Qüvvələri həmçinin onbaşı Noa Marcianonun cəsədini tapıb çıxardığını açıqlayıb. Ordu onun cəsədinin “Qəzzada Şifa xəstəxanasının yanında” tapıldığını bildiriblər. O, oktyabrın 7-də militantların İsrailə hücumu zamanı HƏMAS tərəfindən oğurlanıb.
İsrail cümə axşamı fələstinlilərə Qəzzanın cənubundakı dörd qəsəbəni tərk etməyi əmr edib. Bu da HƏMAS militanlarına qarşı müharibənin İsrail rəsmilərinin insanların sığınması üçün təhlükəsiz olduğunu dediyi ərazilərə yayıla biləcəyinə işarədir.
İsrailin baş naziri Benyamin Netanyahu CBS News-a bildirib ki, İsrail mülki itkiləri minimuma endirməkdə uğur qazana bilməyib. İsrail “mülki insanları zərərdən qurtarmaq üçün əlimizdən gələni edir”, lakin HƏMAS “onların zərər görməsi üçün hər şeyi edir” deyə o əlavə edib.
İsrail gecə ərzində təyyarələrdən vərəqələr ataraq mülki şəxslərə Xan-Yunis şəhərinin şərq tərəfində yerləşən Bəni-Şüheylə, Xuzaa, Abasan və Qarara şəhərlərini tərk etmələri üçün xəbərdarlıq edib.