Xoy şəhərində 24 iyul aksiyası ilə əlaqədar saxlanılan iki vətəndaşa həbs cəzası verilib
İran Azərbaycanın Xoy şəhərində ərəblərə dəstək mitinqi ilə əlaqədar 2 vətəndaşa hər birinə 3 ay həbs cəzası verilib.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin bu barədə yaydığı məlumata əsasən, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində Yusuf Pircani və Rza Müqəddəsi adlı iki vətəndaşa 24 iyul mitinqi ilə bağlı toplam 6 ay həbs cəzası verilib.
Noyabr ayının 21-də Xoy İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri olan hakim Erfani, iki vətəndaşı “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə günahkar tanıyıb.
Xoy İnqilab Məhkəməsi vətəndaşların hər birini 3 ay həbs cəzasına məhkum edib.
Yusuf Pircani və Rza Müqəddəsi iyulun 24-də təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və avqust ayının 6-da girov müqabilində müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdılar.
İyilun ayının 24-də Təbrizdə vətəndaşlar İranın Xuzistan vilayətində baş qaldıran ərəb icmasının aksiyalarına dəstək olmaq məqsədilə etiraz aksiyası keçirmişdilər. İran Azərbaycanının digər şəhərlərində təhlükəsizlik qüvvələri və polis güclərinin ağır repressiya tətbiq etməsi nəticəsində etiraz mitinqləri baş tutmamışdı. Təhlükəsizlik qüvvələri mitinqdən öncə milli fəallara zəng edərək, onları təhdid etmişdilər.
Mitinq zamanı və öncəsi Təbriz və digər şəhərlərdə nəzarət altına alınan azərbaycanlı vətəndaşların məhkəmə prosesi hələ də davam edir.
İndiyədək bu etirazlarla əlaqədar həbs edilən güneyli vətəndaşlar İran məhkəmələri tərəfindən uzun müddətli həbs, qamçı və cərimə kimi fərqli cəzalara məhkum olunublar.