Vahid Əhmədov: Ermənilər Xocalı soyqırımının davamını həyata keçirirlər
“Ermənistan Bərdəni bombalamaqla müharibəyə üçüncü bir dövləti cəlb etmək istəyir, çalışır ki, Azərbaycan da adekvat addımlar atsın, onların ərazisinə bomba atsın. Məqsədləri bundan ibarətdir. Rusiyanın münaqişəyə müdaxilə etməsi üçün zəmin hazırlamağa çalışırlar. Ancaq mümkün olan deyil. Dövlət başçısı, cənab İlham Əliyev bununla bağlı öz fikilərini qəti şəkildə bildirib. Azərbaycana heç kəsin torpaqları lazım deyil, biz öz tarixi torpaqlarımız uğrunda savaşırıq”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Deputat qeyd edib ki, hər üç atəşkəsi pozan Ermənistan olsa da, bir çox dövlətlər onlara lazımi reaksiyanı vermir:
“Ermənistanın bu addımı dünya dövlətləri, xüsusilə ATƏT-in Minsk qrupunun üzvləri tərəfindən kəskin tənqid edilməlidir. Faktiki olaraq Bərdədə 21-dən çox ölü, 60-dan yaralı var. Bu, açıq terrordur, Xocalı soyqırımının davamını həyata keçirirlər. Təəssüf ki, dünya dövlətləri buna susmağa davam edir. Bu vaxta qədər ATƏT-in Minsk qrupundan lazım olan reaksiyanı görməmişik”.
Vahid Əhmədov hesab edir ki, Ermənistanın bu cür hücumları müharibə bitənə qədər davam edəcək:
“Ermənistanın şəhərlərimizə raket hücumlarının qarşısını bütün torpaqlarımız işğaldan tamamilə azad edildikdən və sərhədlərimiz bərpa edildikdən sonra almaq mümkün olacaq. Odur ki, müharibə nə qədər tez bitsə, bir o qədər yaxşıdır. O vaxta qədər isə Amerika istisna olmaqla havadarları Ermənistana silah-sursat verməyə davam edəcək. Onlara yardım edən də elə Minsk qrupunun həmsədrləridir, cənab Prezident xalqa son müraciətində də bu məsələ barədə məlumat vermişdi. Hər üç atəşkəsi pozan ermənilər oldu. Bir tərəfdən atəşkəsə riayət etməli olduğumuzu deyirlər, digər tərəfdən də ermənilərə hərbi yardımlar göstərirlər. Çalışmalıyıq ki, müharibəni mümkün qədər tez bitirək”.
Aytən Məftun