Urmiyədə avtobus sürücüləri 4 gündür aksiya keçirir
Urmiyə şəhər nəqliyyatının özəl sektor sürücüləri şənbə günündən bəri başlatdıqları tətil aksiyasını davam etdirirlər.
İLNA xəbər agentliyinin (Iranian Labour News Agency) bildirdiyinə görə, tələbləri yerinə yetirilməyən avtobus sürücüləri 4 gündür tətil ediblər. Aksiya şəhərdə tıxac yaranmasına səbəb olub.
Koronavirus pandemiyası səbəbilə maddi sıxıntılar yaşayan Urmiyə şəhər nəqliyyatının sürücüləri keçən avqust ayında da etiraz aksiyası təşkil etmişdi.
Avqust ayında Urmiyə Bələdiyyəsi sürücülərin sığorta problemlərinin çözüləcəyini bildirsə də, İLNA-nın məlumatına görə, sürücülər hələ də heç bir nəticə ala bilməyib.
Məhəmmədi adlı bir sürücü İLNA-ya müsahibədə deyib ki, “pandemiya başladığından bəri əhali virusa yoluxmaqdan qorxduğu üçün avtobusa minənlərin sayı kəskin azalıb. Avtobusların gəliri yüksək təmir və xidmət xərclərini qarşılamır. Bu şəraitdə çalışmaq bizim yararımıza deyil.”
Agentliyin məlumatına əsasən, hazırda Urmiyə şəhər nəqliyyatında mövcud olan 343 avtobusdan 293-ü özəl sektora aiddir. Tətil aksiyasından bəri sadəcə 50 bələdiyyə avtobusu Urmiyədə sərnişinləri daşıma işi ilə məşğuldur.