Urmiyə komandası İran voleybol superliqası finalının ilk matçını qazandı
Urmiyənin Bələdiyyə Voleybol komandası İran Superliqası finalının ilk matçında “Sircan İran Polad” komandasına qarşı qələbə qazandı.
İranın dövlət agentliyi İRNA-nın məlumatına görə, iki komanda cümə günü axşam saatlarında Tehran Voleybol Federasiyasının salonunda qarşılaşıblar və Urmiyə komandası rəqibini 3-2 hesabı ilə məğlub edib.
Voleybol üzrə İran Superliqasının finalında oynanan üç matçdan ikisində qalibiyyət əldə edən komanda çempionluğu qazanacaq.
Urmiyə təmsilçisi bazar günü keçiriləcək olan ikinci matçda qələbə qazanacağı təqdirdə İran çempionu olmaqla birlikdə, Asiya Klubları Voleybol Çempionatına qatılmağa da haqq qazanacaq.
Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə İranda Asiyanın Voleybol Paytaxtı ünvanı ilə tanınır. Təbrizdə futbol oyunları zamanı eşidilən milli şüarlar Urmiyə şəhərində voleybol matçlarında səsləndirilir.
2015-ci ilin mart ayında Tehranın Azadi stadionunda İran milli voleybol çempionatının finalından sonra Urmiyənin Bələdiyyə voleybol komandasının tərəfdarları İran polisinin hücumuna məruz qalaraq ağır şəkildə döyülmüşdülər.
VOA