Urmiyədə Qarabağa dəstək aksiyaları ilə əlaqədar həbs edilən 12 vətəndaşın mühakiməsi dayandırılıb
İran Azərbaycanının Urmiyə şəhərində Qarabağa dəstək aksiyaları ilə əlaqədar həbs edilən 12 vətəndaşın mühakiməsi dayandırılıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, 12 vətəndaşın mühakiməsi 12 ay müddətində dayandırılıb.
Yunus Şirzad Cavan, Babək Hüseynzadə, Rza İbrahımzadə, Ramin Xudabəxş, Salar Tahir Əfşar, Səhənd Behnəmun, Hüsniyə İntixabi Hənsənluyi, Ramin Dehqan, Erfan Mehdi Xanlı Saatlu, Əmir İzzəti Heydərlu, Fərhad Məhəmmədi və Cavad Rizayi məhkəmə proseslərinin dayandırılmasına Urmiyə Ümumi və İnqilab prokurorluğunun 8-ci şöbəsinin sədri, hakim Məhəmmədrza Qənizadə qərar verib.
Məhkəmənin qərarına görə bu vətəndaşlar 12 ay müddətində qeyri-qanuni mitinqlərdə iştirak etməməlidirlər.
Bu vətəndaşlar noyabrın 22-də məhkəmə tərəfindən göndərilən elektron bildirişlə Urmiyə Ümumi və İnqilab Prokurorluğunun 8-ci şöbəsinə çağırılmışdılar.
Adları qeyd olunan vətəndaşlara ictimai asayişi pozmaq və qanunsuz mitinqlərdə iştirak etmək ittihamları irəli sürülüb.
İran Azərbaycanının müxtəlif şəhərlərində Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək mitinqində ilə əlaqədar həbs olunan vətəndaşların bir çoxu həmin ittihamlarla mühakimə olunublar.
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən mitinqlərdə çox sayda milli fəal və adi vətəndaş İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.
Mitinqlərdə saxlanılan şəxslərin bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi hələ də davam edir.