Urmiyədə Qacar dövrünə aid tarixi bina kəşf edilib
Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərində yerin altında Qacar sülaləsinə aid bir tarixi bina aşkar edilib.
İRNA rəsmi xəbər agentliyi Qərbi Azərbaycan vilayətinin Mədəni İrs İdarəsinin rəhbəri ilə bu barədə müsahibə apararaq məlumat yayıb.
Qərbi Azərbaycan vilayətinin Mədəni İrs İdarəsinin rəhbəri Cəlil Cabbari bu tarixi abidənin Urmiyənin qədim məhəllələrinin birində inşaat üçün aparılan qazıntı işləri əsnasında aşkar edildiyini söyləyərək, onun kəşfindən sonra qazıntı işlərinin dayandırıldığını qeyd edib.
Tarixi bina aşkarlandıqdan sonra arxeoloji qazıntılar başladılıb və ilkin arxeoloji tədqiqatlar nəticəsində bu tarixi binanın Qacar dövrünə aid olduğu məlum olub.
Əlavə məlumatın Mədəni İrs İdarəsinin texniki şurasının görüşündən sonra açıqlanacağı bildiriıib.
Qərbi Azərbaycan vilayətində 1600 tarixi əsər İranın milli irslər siyahısında qeydiyyata alınıb, ayrıca Tikantəpə də (Tekab) Taxt-i Süleyman və Çaldıranda Müqəddəs Faddey monastırı (Qara kilsə) Dünya Mədəniyyət Mirasları siyahısına alınıb. Buna baxmayaraq, Qərbi Azərbaycan vilayətində onlarca tarixi əsər ağır vəziyyətdə və məhv olma təhlükəsi ilə qarsı-qarşıyadır.
VOA