Urmiyədə mədəni fəallar məktəblərin açılışı ərəfəsində türkcə kitablar paylayır
İranda məktəblərin açılışı ərəfəsində türk dil haqları fəalları Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində uşaqlar arasında türkcə kitablar paylayır.
Sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, mədəni fəallar keçən günlərdə bir neçə dəfə şəhərin müxtəlif bölgələrində uşaqlara türkcə hekayə kitabları hədiyyə ediblər.
Hədiyyə edilən kitablar arasında son vaxtlar basqılara məruz qalan tanınmış yazar və dil hüquqları müdafiəçisi Əkbər Azadın hazırlayıb nəşr etdiyi kitablar da görünür.
Daha əvvəl də Dünya Ana Dili Günü, yeni dərs ilinin başlanması, habelə Azərbaycan Milli Hökumətinin (1945-46) ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərlərində və Tehranda kitab paylama kampaniyaları təşkil olunub.
Qısa ömürlü Azərbaycan Milli Höküməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri İran Azərbaycanının məktəblərində ana dili tədris edilməyib.
İslam Respublikası dövründə rəsmilər dəfələrlə türk dilinin məktəblərdə tədris ediləcəyinə dair sözlər və açıqlamalar verib, lakin bu, əməldə heç zaman həyata keçirilməyib.
2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edən və bu tədbirlərə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.
VOA