Urmiyədə iki məhbusun edam hökmü icra edilib
Daha əvvəl edam cəzasına məhkum edilmiş Əli Əbdi və Əmir Hüseyn Qəhriyan bazar ertəsi günü səhər saatlarında Urmiyə Mərkəzi Həbsxanasında dar ağacından asılıb.
HRA agentliyi və İran İnsan Haqları Qrupu (İran HR) bu haqda məlumat yayıblar.
Əbdi və Qəhriyan müvafiq olaraq 9 və 5 il əvvəl qətl ittihamı ilə saxlanlıb və daha sonra edam cəzasına məhkum olublar. İyulun 26-da iki məhkumun həbsxananın təkdamlıq kameralarına köçürüldüyü bildirilmişdi
HRA agentliyinin xəbərinə görə, 24 yaşlı Əmir Hüseyn Qəhriyan 5 il əvvəl həyat yoldaşını qətlə yetirmək ittihamı ilə həbs edilmişdi.
Hüquq müdafiəçilərinin daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə İranda təqribən 300 məhbusun ölüm hökmü icra olunub. Bunlardan 13-ünün hökmü əhaliyə açıq məkanlarda həyata keçirilib. Həmçinin, 2019-da dar ağacından asılan məhbuslardan dördünün yaşı mühakimə olunduğu zaman 18-dən aşağı olub.