Urmiyədə COVID-19-la əlaqədar “qırmızı vəziyyət” elan edilib
İranın Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxma və ölüm hallarının sürətlə artması səbibilə vilayətin mərkəzi Urmiyədə “qırmızı vəziyyət” elan edilib.
Qərbi Azərbaycan səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadənin mətbuata verdiyi məlumata görə, martın 27-dən 28-ə qədər 24 saat ərzində vilayətdə koronavirusa 310 yeni yoluxma halı və 7 ölüm halı qeydə alınıb.
“Əhali gigiyena və sağlıq protokollarına daha ciddi və daha artıq riayət etmədiyi təqdirdə, səhiyyə işçilərinin işi çətin olacaq,” doktor Ağazadə söyləyib.
Novruz Bayramı tətillərində İranın bir çox şəhərinin bazarlarında ortaya çıxan izdiham, həmçinin əhalinin bayram görüşləri pandemiya ilə bağlı vəziyyətin pisləşməsinə yol açıb.
İLNA agentliyinə istinadən, Urmiyə şəhərində əhalinin toyuq əti və yağ almaq üçün saatlarla növbəyə durması vəziyyəti daha da ağırlaşdırıb. Son vaxtlar İranda yağ, yumurta və toyuq əti kimi ərzaq məhsullarının bahalaşması mağazalar önündə uzun növbələrin yaranmasına səbəb olub.
VOA