Urmiyədə 5 məhbus edam edilib
Hüquq müdafiəçiləri iyul ayının 3 və 4-də Urmiyənin mərkəzi həbsxanasında 5 məhbusun dar ağacından asıldığını bildirib.
İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, şənbə günü edam edilən Nasir Azmudə və Şəhriyar Əmiri narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məhkum edilmişdilər.
“Azmudə və Şəhriyarı edam hökmünə etiraz bildirmək üçün İranın Ali Məhkəməsinə müraciət etmişdilər, ancaq hökm yerinə yetirilənə qədər Ali Məhkəmədən heç bir cavab almadılar,” HRA-nın xəbərində qeyd edilib.
Bazar günü isə Urmiyə həbsxanasında 3 məhbusun ölüm cəzası tətbiq edilib.
İran İnsan Haqları Təşkilatının (İran HR) məlumatına görə, Bahaəddin və Davud Qasımzadə qardaşları və Ənvər Abdullahi qətl ittihamı ilə mühakimə edilmiş və “qisas” cəzası almışdılar.
Əslən Salmas şəhərindən olan Qasımzadə qardaşları 12 il öncədən Urmiyə həbsxanasında saxlanılırdılar. Davud Qasımzadənin onurğa beyni zədələnməsi səbəbilə yeriyə bilmədiyinə dair məlumat yayılıb.
Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayır.
VOA