Urmiyə və Zəncanda narkotik qaçaqmalçılıqla əlaqədar azı 4 nəfər asılıb
Son vaxtlar İranda edam hökmlərinin icrası sürətlənib. Keçən iki həftə ərzində İranın müxtəlif şəhərlərində 50-dən artıq məhkumun edam hökmü tətbiq edilib.
İran Azərbaycanında bu yaxınlarda narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar azı 4 nəfər dar ağacından asılıb. Hüquq müdafiəçiləri bir neçə nəfərin isə edam gözlədiyini bildirirlər.
İranda baş verən edamlara dair hesabatlar yayan İran İnsan Haqları təşkilatına (IHR) istinadən, Turəc Keşavərz və Əli Səməndərnejad iyunun 11-də Zəncan şəhərinin mərkəzi həbsxanasında edam ediliblər. Keşavərzin əslən Həmədan, Səməndərnejadın isə Şərqi Azərvaycan vilayətindən olduğu bildirilib.
İHR-nin xəbərinə görə, Zəncan həbsxanasında iki başqa məhkum ölüm cəzalarının tətbiq edilməsi üçün təkadamlıq kameralara yerləşdiriliblər.
İran İnsan Haqları təşkilatı (IHR) və HRA agentliyi narkotik qaçaqmalçılıq ittihamı ilə ölüm cəzasına məhkum edilmiş azı iki digər məhbusun isə iyunun 10-da Urmiyədə asıldığına dair məlumat yayıblar.
Hüquq müdafiə qurumlarına istinadən, Qılıç Şükuhi, Vəhid Bəhram və Məhəmmədrza Qurbanzadə iyun ayının 9-da ölüm cəzalarının tətbiqi üçün təkadamlıq kameralara göndərilmişdilər. Şükuhi və Bəhramın hökmü ertəsi gün icra olunub, ancaq Qurbanzadənin taleyi ilə bağlı məlumat yoxdur.
IHR-nin Fransada qərargahlanan Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatının (ECPM) dəstəyi ilə hazırlayıb və keçən aprel ayında yayımladığı hesabata görə, İranda bəluçlar başda olmaqla qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir. Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutur.