Urmiyə gölünün vəziyyəti sürətlə pisləşir
Son statistikalara görə, Urmiyə gölünün vəziyyəti pisləşib və son 2,5 ilin ən pis vəziyyətindədir.
İLNA xəbər agentliyi son yayımlanan statistikalara istinadən xəbər verir ki, sentyabrın 18-də Urmiyə gölünün su səviyyəsi 1270.66 olub və bu keçən ilin eyni dövrü ilə müqayisədə su səviyyəsinin 62 sm azaldığını göstərir.
Gölün su sahəsi isə keçən ilin eyni dövrü ilə müqayisədə 1546 kvadrat kilometr azalıb.
Statistikalara görə, su hövzəsindəki suyun həcmi isə bir il ərzində 2.02 milyard kubmetr azalaraq 2.76 kubmetrə çatıb.
İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayətinin Regional Su Şirkətinin direktoru Yasir Rəhbərdin bu şirkətin Urmiyə Gölünün canlandırılması ilə bağlı layihələrin həyata keçirilməsi üçün 9 min milyard riyal kreditin təsdiqlənməndiyini və yalnız 3200 milyard rialının ödəndiyini bildirib. Bu isə ümümi təsdiq edilmiş büdcənin 35 faizini təşkil edir.
Rəhbərdin İRNA xəbər agentliyinə verdiyi müsahibədə, Qərbi Azərbaycan vilayətində olan bəndlərin arxasındaki su miqdarının 669 milyon kubmetr olduğunu bildirərək bu rəqəmin keçən ilin eyni dövrü ilə müqayisədə 15% azadığını bildirib.
Qərbi Azərbaycan Regional Su Şirkətinin direktor müavini Cavad Məhəmmədi, İSNA xəbər agentliyinə bu il yağıntıların 25% azaldığını bildirib və bunun da Urmiyə Gölünün sahəsində qar ehtiyatlarının 50% azalmasına təsiri olduğunu qeyd edib.
Ekoloji təhlükəyə dönüşməkdə olan Urmiyə gölünün böhranlı vəziyyəti ilə bağlı son günlərdə İran prezidentinə məktub ünvanlayan Urmiyə millət vəkili Cəlalzadə bu gölün ətrafında yaşayan milyonlarla insanın həyatının Urmiyə Gölünə bağlı olduğunu vurğulayıb.
Urmiyə gölünün canlandırılması ilə əlaqədar başlayan layihələrin üstündən 8 il keçməsinə baxmayaraq, bu layihəyələrin gölün canlandırılmasına çox az təsiri olub. 2019-ci ilin baharında artan yağıntıların nəticəsində gölün su səviyyəsinin çoxalması əhali və ətraf mühit fəallarının arasında sevinc və ümid yaratmışdı. Ətraf müit fəalları hesab edir ki, həmin yağıntılar artmasaydı, gölün vəziyyəti indikindən daha da pis ola bilərdi.
VOA