Ural Hatəmi: Qarabağ məsələsinin yaratdığı həmrəylik hissi İran hakimiyyətini qorxudur
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən mitinqlərdən əlavə, minlərlə sənətkar, vəkil, tələbə, yazar və ictimai xadim Qarabağa dəstək bəyanatları imzalayıb.
Sosioloq Ural Hatəmi Amerikanın Səsinə müsahibədə deyir ki, “Türkiyə, Azərbaycan Respublikası və Güney Azərbaycanda Qarabağ məsələsi üzərindən həmrəylik hissinin yaranması İran hakimiyyətini qorxuya salıb.”
Bizim Azərbaycan məsələsi ilə bağlı, türk məsələsi ilə bağlı passiv tanıdığımız, və ya bəzən səssiz dediyimiz, və ya görüşünün fikrinin olmadığını düşündüyümüz qruplar belə Qarabağla bağlı bəyanat verdilər.
Onun sözlərinə görə, “bu gün əgər Türkiyədə, Quzey Azərbaycanda və Güney Azərbaycanda tək bir kəlmə, ortaq bir kəlmə, yəni Qarabağ kəlməsi üstündə bir birləşmə və həmrəylik var isə, təbiidir ki, rejim bundan böyük bir qorxu hiss edəcəkdir.”
Hatəmi əlavə edir, “bu qorxunu hiss etdirməsə də biz bunu təxmin edə bilirik ki, rejimin o çəyirdək kadrları nə qədər o fikir otaqlarında və bağlı qapılar arxasında oturub və nələr düşünürlər.”
Ural Hatəmi İran hakimiyyətinə yaxın qruplar və müxaliflərin Qarabağ məsələsində Azərbaycana qarşı bir mövqe sərgiləmələrinin səbəblərinə diqqət çəkir:
“Qarabağ məsələsi necə 1990-cı illərdə Güney Azərbaycanda türklərin şüurlanmasında təsirini qoydusa, indi də təsirini qoyur. Elə ki, neçə illik yol bu keçən 10-12 gün içərisində gedildi… Bizim Azərbaycan məsələsi ilə bağlı, türk məsələsi ilə bağlı passiv tanıdığımız, və ya bəzən səssiz dediyimiz, və ya görüşünün fikrinin olmadığını düşündüyümüz qruplar belə Qarabağla bağlı bəyanat verdilər.”
Onun fikrincə, İran Azərbaycanında kimlik məsələsi və milli şüurun yüksəlməsi hakimiyyətə yaxın qruplar ilə müxaliflərin ortaq narahatlığına çevrilir:
“Hakimiyyətin içindəki o fərqli siyasi qruplar, reformistlərdən tutun milli-məzhəbilərə, oradan Sepah-a, Qum şəhərindəki Ayətullahlara bağlı qruplara. Xaricdəki şahçılardan tutun bütün qruplara qədər hamısın ortaq nöqtəsidir bu.”
Qarabağ kimi məsələlər ortaya çıxınca İran mediasının yalanları ortaya çıxır. Yalanları ortaya çıxanda təbii ki, qazanan bu dəfə onlar olmur. Azərbaycan tərəfi qazanır.
Araşdırmaçı İranın siyasi qrupları, təhlilçilər və aparıcı farsdilli mediada fəaliyyət göstərənlərin Güney Azərbaycanda mövcud olan siyasi-ictimai vəziyyətdən xəbərsiz olduqlarını vurğulayır:
“Bunların əksəriyyəti Güney Azərbaycanda toplumun baxışından xəbərsizdir. Ən çox izlənən farsdilli media, televiziyalardan tutun kiçik saytlara qədər analiz yazanlara və danışanlara qədər. Misal, deyir ki, mən Ərdəbilə iki dəfə getdim. Ərdəbildə elə oldu, belə oldu. Ya Təbrizə dörd dəfə getdim deyir, və Təbriz əhalisinin siyasi, ictimai və psixoloji əhval-ruhiyyəsi haqqında, əhəmiyyətli məsələlər haqqında qalxıb fikir bildirir. Məlumatsız olduqları çox açıqdır.”
İranın ictimai-siyasi şəraitinə diqqət çəkən sosioloq yanlış və qeyri-obyektiv təhlillərin də bəzən toplum üzərində təsir göstərdiyini önə çəkir.
“Xaricdə doğru-düzgün araşdıranlar bunu ayırd edə bilir. Bunu görür ki, bunların analizində bir boşluq var. Bir sənədsizlik var. Bir tərəf çıxma var. Amma İranda təəssüf ki, məhdud sayda media qurumunun olduğu üçün və İslam Respublikasının media üzərində tətbiq etdiyi məhdudiyyətlərdən ötrü, bu növ analizlər bəzən təsirlərini qoyurlar. Ancaq Qarabağ kimi məsələlər ortaya çıxınca bu medianın yalanları ortaya çıxır. Yalanları ortaya çıxanda təbii ki, qazanan bu dəfə onlar olmur. Azərbaycan tərəfi qazanır.”
Ural Hatəmi əlavə edir, “bunların hədəfi Güney və Quzey arasındaki həmrəyliyi qırmaq, bir az daha geniş səviyyədə Türkiyə, Azərbaycan və Güney Azərbaycan, ya İran türklərinin həmrəyliyini qırmaqdır bunların əsas hədəfi. Bu xalqın iradəsini qırmaq. Məncə, bu iradəni qırmaqda uğurlu olmadılar.”