Təbrizli tələbə Urmiyə gölünə dəstək məqsədilə Türkiyədə velosipedlə 130 km məsafə qət edib
Antalya şəhərində doktorantura təhsili alan İran Azərbaycanlı tələbə Urmiyə gölünün ağır vəziyyətinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə velosipedlə 130 kilometr yol qət edib.
Antalyanın Akdeniz Universitetinin hüquq üzrə doktorant tələbəsi Əli Həmzəzadə Urmiyə gölü mövzusunda plakatlar daşıyaraq, Aralıq dənizi sahilində 130 km məsafə qət edib. İngilis və türk dillərində yazılan bu plakatlarda Urmiyə gölünün qurumasının bölgədə ətraf mühit və insanlar üçün fəsadları ilə bağlı xəbərdarlıqlar verilib.
O, İnstaqram səhifəsində səyahətindən şəkillər və videoları, həmçinin bu səfər zamanı özü ilə apardığı plakatları paylaşıb. Bu plakatların birinin üzərində “Urmiyə gölü Türkiyə sərhədindən 60 kilometr uzaqda olduğundan dolayı Türkiyədə də ekoloji fəlakətlər baş verəcək” yazılıb.
Həmzəzadə səfəri zamanı üzərində “İran hökuməti Urmiyə gölünü qəsdən qurutmaqda ittiham olunur” yazılan başqa bir plakat nümayiş etdirib. Həmin plakatları Akdeniz Universitetinin digər xarici tələbələri də nümayiş etdirərək, Urmiyə gölündə ekoloji duruma diqqət yetirilməsinin vacibliyi haqda mesajlar veriblər.
Türkiyədə yaşayan bu azərbaycanlı tələbə isə öz plakatlarında insanların Urmiyə gölündə vəziyyətə dinc etirazlarının hökumət tərəfindən sərt şəkildə repressiyaları və etirazçıların həbslərlə qarşılaşdığına toxunub.
Təbrizli tələbə keçən il yay aylarında İkinci Qarabağ Müharibəsindən sonra Qarabağın bəzi şəhərlərinin azad edilməsi münasibəti ilə İranda azərbaycanlı uşaqlara ana dilində kitablar üçün ianə toplamaq məqsədilə Antalya şəhəri ilə Gürcüstan sərhədi arasında məsafəni velosipedlə qət etmişdi. Bu məsafəni velosipedlə qət etmək 30 gün çəkmişdi.
Gürcüstandan Azərbaycan paytaxtına qədər velosiped marşrutunu davam etdirməyi planlaşdıran Həmzəzadə pandemiya dövründə səyahət məhdudiyyətləri səbəbindən Gürcüstana daxil ola bilməmiş və onun Azərbaycana səfəri baş tutmamışdı.