Təbrizin küçələrində Röya Zakiriyə dəstək plakatları quraşdırılıb
Təbrizdə siyasi fəallar şəhərinin küçələrində “Təbrizin qızı” kimi tanınan Röya Zakiriyə dəstək plakatları quraşdırıblar.
Sosial mediada paylaşılan görüntülərə görə, Təbrizin küçələrində məcburi hicab qaydalarına riayət etmədiyi üçün döyülərək həbs edilən Röya Zakirinin şəklini əks etdirən plakatlar quraşdırılıb və bu plakatların altında Azərbaycan türkcəsində, ərəb və ingilis dillərində məşhur “Azadlıq, ədalət, Milli hökumət” şüarı yazılıb.
Həmçinin, bu plakatların altında İranda Bəluç etnikinin etirazlarında bəluc dilində səsləndirilən “Bəlucistanın tərəqqisi milli hökumətin qurulmasından asılıdır” şüarı yer alıb.
Oktyabrın 15-də sosial mediada, Təbrizdə ağlayan və İranın dini lideri Əli Xameneyi əleyhinə şüarlar səsləndirən qızın video-görüntüləri yayındıqdan sonra, o, “Təbrizin qızı” həştəqi ilə viral olub. Hüquq müdafiəçiləri onun adının Röya Zakiri olduğunu və məcburi hicab qaydalarına riayət etmədiyi üçün hicaba nəzarət məmurları tərəfindən döyülərək həbs edildiyi bildirildi.
Yayılan videolarda onun, dəfələrlə “Xamneyiyə ölüm”və “diktatora ölüm” şüarları səsləndirdiyi müşahidə edilir. Röya Zakirinin Təbrizin nevroloji xəstələrə özəl Razi Xəstəxanasına və bir müddət sonra məhkəmə orqanlarının göstərişi sorğu-suala çəkilmək üzrə Kəşfiyyat İdarəsinə aparıldığı bildirilib.
Yayımlanan məlumata görə, Röya Zakiri ötən il ümummilli etiraz aksiyaları fonunda həbs olunduğu üçün işə qəbul və sosial hüquqlardan məhrum edilib.