Təbrizdə Azərbaycan konsulluğu önündə tutulan vətəndaşlara həbs və şallaq cəzası verilib
Keçən ilin iyulunda Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə keçirilən dinc aksiyada saxlanılan türk fəallar Yasəmin Zəfəri, Həkimə Əhmədi, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Purəli Xurmalı haqqında 1 il həbs və 60 zərbə şallaq qərarı verilib.
Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə qərarına istinadən, sözügedən şəxslərin hər biri haqqında çıxarılan 1 il həbs və 60 zərbə şallaq cəzası 4 il sınaq müddəti olmaqla şərti hesab edilib.
Təbriz Cəza Məhkəməsi bu fəalları “Azərbaycan Respublikasının konsulluğu önündəki iğtişaşlara qatılaraq ümumi intizam və asayişi pozmaq” və “dövlət məmurlarına itaətsizlik” ittihamları ilə mühakimə edib.
Yasəmin Zəfəri, Həkimə Əhmədi, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Purəli keçən iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə saxlanılıb, təqribən iki həftə nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Keçən ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca türk fəallar İran Azərbaycanının bəzi şəhərləri və Tehranda Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etmişdilər. Həmin günlərdə bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alınıb.