Təbriz Tibb Universiteti pandemiya ilə bağlı vəziyyətin pisləşəcəyini bildirir
Təbriz Tibb Universiteti Şərqi Azərbaycan vilayətində bir gün ərzində Covid-19 infeksiyasına 277 yeni yoluxma faktının qeydə alındığını bildirib.
Tibb Universitetinin veb səhifəsinə istinadən, may ayının 14-dən 15-nə qədər 24 saat ərzində keçirilən testlərdən 30 faizi müsbət nəticə verib.
Təbriz Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi “bu gedişatın narahatedici olduğunu” ifadə edib.
Somi bu barədə İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalına danışıb.
“Bu gedişatın davam etməsi ilə qarşıdan gələn günlərdə vəziyyət daha da pisləşəcək,” səhiyyə xidmətinin rəhbəri bildirib.
Doktor Somi həmçinin deyib ki, “vəziyyətin yavaş-yavaş normala dönməsi iqtisadiyyatın bərpa üçündür. Əhali elə düşünür ki, normala qayıtmaqla virus da məhv olub gedir.”VOA