Təbriz sakini Ramin Behzad həbs və şallaq cəzasına məhkum edilib
Təbrizdə keçirilən etiraz aksiyaları zamanı həbs edilən Ramin Behzad Təbrizin 112 saylı Cinayət Məhkəməsi tərəfindən 1 il azadlıqdan məhrum edilib. Bundan əlavə o, 60 şallaq cəzasına məhkum edilib.
Ramin Behzad məhkəmə hökmünün surətini öz şəxsi Instagram səhifəsində paylaşıb.
Ramin Behzadın məhkəmə hökmünə görə, o, sentyabrın 21-də Təbriz şəhərində keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün “ictimai asayişi pozmaq məqsədilə qanunsuz mitinqdə iştirak etmək ” ittihamı ilə təqsirli bilinib.
Ramin Behzad sentyabrın 4-də kazarmada məcburi hərbi xidmətdə olduğu zaman həbs edilib və oktyabrın 15-də məhkəmə prosesinin sonuna qədər zaminə buraxılaraq Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti sərbəst buraxılmışdı.
Etirazçı vətəndaş ilə bağlı məhkəmə hökmündə qeyd olundğuna görə, onun İran İslam Respublikası Ordusunun Kəşfiyyat Qurumu tərəfindən nəzarətə alınaraq dindirilidiyi məlum olub.
Ramin Behzadın məhkəmə qərarında əvvəlki həbsi və məhkumluğuna toxunulub, onun və vəkilinin müdafiəsi “əsassız” adlandırılıb və beləliklə, barəsində həbs və qamçı cəzası çıxarılıb.
Birinci instansiya məhkəməsinin bu hökmündən Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsinə şikayət verilə bilər.
Ramin Behzad daha öncə də Təbrizdə etiraz aksiyasında iştirak etdiyi üçün saxlanılaraq, həbs və şallaq cəzasına məhkum edilmişdi.
Ramin Behzad daha əvvəl 2015-ci ildə dövlət televiziyasında türkləri təhqir edən ‘Fitilə‘ adlı proqramının ardından İran Azərbaycanında baş qaldıran kütləvi anti-irqçi etirazlar zamanı tutularaq, 1 il həbs və 74 şallaq cəzasına məhkum edilmişdi, lakin bu hökm təxirə salınaraq icra olunmamışdı.