Türkiyə Misirlə əlaqələrin bərpası üçün danışıqların aparılacağını elan etdi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Misirlə yüksək səviyyəli kəşfiyyat və diplomatik danışıqların başlandığını elan edib.
Bu ikitərəfli danışıqlar 2013-ci ildə Misir Prezidenti Məhəmməd Mürsinin hakimiyyətdən devrilməsindən bəri ilk dəfə həyata keçirilir.
Türkiyənin Xarici Siyasət İnstitutundan Hüseyin Bağcı deyir ki, bu, Ankaranın getdikcə daha çox təcrid olunmasının qarşısın almaq üçün atılan bir addımdır.
“Türkiyəyə qarşı böyüməkdə olan bir ittifaq, artmaqda olan antipatiya var, Türkiyə bu şəkildə irəliləyə bilməz. İsrail, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, bunlar çoxdur” deyə o bildirib.
Keçən il Qahirə Yunanıstan və Türkiyənin üzərində mübahisə etdiyi Aralıq dənizi sularında enerji axtarışı üçün Afina ilə müqavilə imzalayaraq Ankaraya təzyiqi artırıb.
Region üzrə təhlilçi Sinan Ülgen isə Türkiyənin Misirə ünvanladığı barışdırıcı sözlərin diplomatik irəliləyiş üçün yetərli olmadığını bildirir. Ülgen deyir ki, Misirə qarşı atılana bu addıma baxmayaraq “bu yeni dönüş nöqtəsinin təsirli olub-olmayacağı və nəticə verib-verməyəcəyi Türkiyənin nə edəcəyindən asılıdır”.
Bununla birlikdə bölgə üzrə təhlilçi Cem Gürdenizin sözlərinə görə, Ankaranın hazırki Prezident Fəttah əl-Sisi tərəfindən 2013-cü ildə hakimiyyətdən kənarlaşdırılan və ərəbcə İkvan adlanan Müsəlman Qardaşları qrupuna dəstəyi iki ölkə arasında əsas gəginlik nöqtəsi olaraq qalır.
“Misir hazırda yalnız Türkiyə hökumətinin İkvan siyasəti kimi dini zəminə əsaslanan səhv siyasətinə görə Türkiyəyə qarşı hərəkət edir” deyən Gurdeniz bildirir ki, “Türkiyə dini siyasətdən uzaqlaşdığı zaman Türkiyə-Misir münasibətlərinin daha da yaxşı olacağına əminəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan devrilmiş Misir lideri Mürsinin yaxın müttəfiqi idi və Sisinin başçılığı ilə Mürsinin Müsəlman Qardaşları tərəfdarlarına qarşı təqiblərinə ictimai şəkildə etirazını bildirmişdi.
Ərdoğanın ağrılı bir güzəştə getməli olacağını deyən analitik Bağçı bildirir ki, “Ərdoğan və Sisi ehtimal ki, yaxın gələcəkdə prezident kimi əl sıxmayacaqlar, amma Türkiyə də əvvəlki kimi Müsəlman Qardaşlarını dəstəkləməyəcək”.
Misir və Türkiyənin Liviyadakı sonuncu vətəndaş müharibəsi zamanı rəqib tərəfləri dəstəkləməsi, eləcə də Sudanda nüfuz uğrunda rəqabət etməsindən sonra analitiklər Türk-Misir yaxınlaşmasının regional gərginliyi azalda biləcəyini düşünür.
Lakin iki ölkə arasındakı düşmənçilik və inamsızlığı nəzərə alaraq, diplomatik danışıqların çətin olacağı proqnozlaşdırılır.
VOA