Türk ordusu Şuşa və Kəlbəcərdə: “Ərdoğan Putinə bildirdi ki…”
“Rusiya Dağlıq Qarabağa sülhməramlılarını göndərməsiylə bağlı planını müharibənin ilk günündən hazırlamışdı. Moskva bu planını oktyabrın ilk günlərindən gündəmə gətirməyə çalışdı. Ancaq bunun üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazım idi, bunu rusiyalı rəsmilər də bir neçə dəfə səsləndirmişdilər”.
Birlik xəbər otağı xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada keçirilən ilk görüşündə bu mövzu geniş müzakirə olunub:
“Müzakirənin təxminən 11 saat davam etməsinin səbəblərindən biri də məhz bu mövzuyla bağlı idi. Ancaq oktyabrın 10-u üçün Azərbaycan ordusu hələ ilk qələbələrini qazanmışdı, rusiyalı sülhməramlıların bölgəyə gəlişinə yaşıl işıq yandırmaq Azərbaycan baxımından işin yarımçıq qalmasına səbəb ola bilərdi. Buna görə də rəsmi Bakı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinin hələ erkən olduğunu bildirirdi.
Prezident İlham Əliyev oktyabrın 29-da Rusiyanın “İnterfaks” agentliyinin əməkdaşının sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: “Biz bu bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Ancaq sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir”.
Elxan Şahinoğlu bildirib ki, İlham Əliyevin bu müsahibəsindən 10 gün keçdikdən və Azərbaycan ordusunun strateji şəhər olan Şuşanı işğaldan azad etməsindən sonra rəsmi Bakı rusiyalı sülhməramlıların bölgədə yerləşməsinə razılaşdı:
“Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olmuşdu. Böyük ehtimalla Türkiyə lideri də tərəflər arasında bəyanatın mətni ilə əvvəlcədən tanış idi. Təsadüfi deyil ki, Ankara Bakı ilə paralel şəkildə imzalanan bəyanatı müsbət qiymətləndirdi.
Buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefon danışığında Rusiya kimi türkiyəli hərbçilərin də bölgədə sülhməramlılar qismində iştirakının vacib olduğunu Kreml sahibinin diqqətinə çatdırdı. Putinin cavabı belə oldu ki, ermənilər tarixdən çıxış edərək türkiyəli hərçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar. Putinin sözlərinə görə, Ərdoğan vəziyyəti anlayıb və israr etməyib. Ancaq Putin daha sonra verdiyi müsahibədə sözlərinə onu da əlavə etdi ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər, bu onların hüququdur və Türkiyə hərbçilərinin Azərbaycanda varlığına mane ola bilməzlər. Başqa sözlə, Türkiyə hərbçilərinin Şuşada, Laçında və ya Kəlbəcərdə yerləşməsinə heç kim və heç nə mane ola bilməz. Bu istiqamətdə çalışmalar sürətlənib.