Türk kinosunun əfsanəvi aktyoru Cüneyt Arkın dünyasını dəyişdi
Türk kinosunun əfsanəvi adlarından olan, unudulmaz Türkiyə kinofilmlərinə imza atan, “Yeşilçam” kinostudiyasının görkəmli aktyoru Cüneyt Arkın 85 yaşında dünyasını dəyişib.
Əsil adı Fahrettin Cüreklibatur C.Arkın 1937-ci ildə Əskişəhərdə anadan olub, yoxsulluq içində böyüyüb. İstanbul Universitetinin Tibb fakültəsini bitirərək həkimliyi qazanıb.
Hərbi xidmətini məmləkəti Əskişəhərdə ehtiyatda olan zabit kimi yerinə yetirərkən baş rolda Göksel Arsoyun oynadığı “Şafak Bekçileri” (1963) filminin çəkilişləri zamanı rejissor Halit Refiqin diqqətini çəkib.
Hərbi xidməti başa vurduqdan sonra Adana və ətraflarında həkim olaraq çalışıb.
1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsində iştirak edərək birinci mükafata layiq görülüb. Elə həmin il Cüneyt Arkın Halit Refiqin təklifi ilə kinoda rol almağa başladı və 2 ildə 30 filmə çəkilir.
1964-cü ildə çəkilmiş “Gürbət quşları” filminin finalındakı döyüş səhnəsi Arkının karyerasında dönüş nöqtəsi olub. Bir müddət emosional-romantik gənc obrazları canlandırdıqdan sonra Halit Refiqin təklifi ilə yenidən döyüşmə filmlərinə çəkilib.
Bu müddətdə İstanbula gələn Medrano Sirkində 6 ay akrobatika dərsləri alıb. Burada öyrəndiklərini Malkoçoğlu və Battalgazi rolları ilə Türkiyə kinosuna gətirərək özünəməxsus üslub yaradıb.
Həm avanqard, həm romantik filmlərin baş rol ifaçısı olan aktyor karyerası boyu faciədən komediyaya, macəra filmlərindən sosial xarakterli filmlərə qədər müxtəlif janrlarda oynayıb. Bu baxımdan “Maden” (1978) və “Vətəndaş Rıza” (1979) filmləri Cüneyt Arkının yaradıcılığında xüsusi yer tutur.
Uzun illər “Ən yaxşı aktyor” seçilib.
Cüneyt Arkın həm də at sürmə və karate üzrə usta olub. O, aktyorluqla yanaşı, televiziya proqramları da aparıb, qısa müddət qəzetlərə sağlamlıq üzrə köşə yazıları da yazıb.
2009-cu ildə onurğasında sinir sıxılması səbəbindən üç aya yaxın xəstəxanada yatıb.