Türk dil haqları fəalı Kiyanuş Aslani Tehran həbsxanasına qaytarılıb
Türk dil haqları fəalı Kiyanuş Aslani Qocabəyli 3 həftəlik məzuniyyət müddətinin bitməsi ilə Tehranın Evin həbsxanasına qaytarılıb.
Aslani 350 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyət haqqından istifadə etmişdi.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, siyasi fəal bazar günü həbsxanaya qayıdıb.
Kiyanuş Aslanı hazırda Tehranın Evin həbsxanasında saxlanılan digər milli fəal Tovhid Əmir-Əmini ilə birlikdə 21 fevral 2019-da Dünya Ana Dili Günü ilə əlaqədar Tehranda nəzarət altına alınmışdı. Əmir-Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olunmuşdu. Kiyanuş Aslaniyə qarşı əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlük və ictimai fəaliyyətdən məhrumiyyət cəzası verilmişdi.
Tovhid Əmir-Əmini və Kiyanuş Aslanidən əlavə, hazırda həbs və sürgün cəzalarını çəkməkdə olan Əlirza Fərşi, Əkbər Azad, Həmid Mənafi Nadarlı, Behnam Şeyxi Samanlı da Dünya Ana Dili Günü mərasimləri ilə əlaqədar həbsə məhkum olublar.
VOA