Tramp Milli Qvardiya bölmələrinin Vaşinqtondan çıxarılması barədə sərəncam verib
Bazar günü Ameriknaın Prezidenti Donald Tramp və şəhər administrasiyaları ciddi iğtişaşlara səbəb olmuş etiraz aksiyaları üzündən şəhərə yeridilmiş Milli Qvardiya bölmələrinin oradan çıxarılması və məhdudiyyətlərin yumşaldılması barədə qərara qəbul ediblər.
Prezident Donald Tramp öz “Twitter” səhifəsində Milli Qvardiya bölmələrinin Kolumbiya dairəsindən – Vaşinqtondan çıxarılması barədə sərəncam verdiyini bildirib və eyni zamanda, xəbərdarlıq edib ki, əgər nümayişlər yenidən kəskinləşsə, qvardiya dəstələri “tezliklə qayıda bilər”.
Şənbə günü bildirilib ki, Milli Qvardiyanın 5000-dən çox əsgər və pilotu 11 ştatda və Vaşinqtonda mühüm dövlət obyektlərində və paytaxtın əsas yollarında asayişin bərpa olunmasına cəlb edilib.
Qeyd edək ki, Vaşinqton meri Müriel Bauzer hələ cümə axşamı paytaxtda vəziyyətin daha da gərginləşməməsi üçün Prezidentdən bütün Milli Qvardiya dəstələrinin geri çağırılmasını xahiş etmişdi. Eyni məzmunda məktublar Nyu-Cersi ştatının qubernatoru Fil Merfiyə və Ohayo ştatının qubernatoru Mayk Devayna da göndərilmişdi.
Ötən həftənin əvvəlində Donald Tramp ABŞ-ın bütün qubernatorlarına müraciət edərək, nəzarətdən çıxmış etiraz aksiyaları keçirilən şəhərlərdə qayda yaratmaq üçün Milli Qvardiyanı cəlb etməyə çağırmışdı. Nyu-York meri Bill de Blazio bazar günü elan edib ki, həmin gün axşam saat 8-dən bazar ertəsi səhər saat 5-dək planlaşdırılan komendant saatını ləğv edir.
Bu qərar qəbul ediləndən əvvəl Nyu-Yorkdakı Amerika Vətəndaş Azadlıqları İttifaqı hədə-qorxu gəlmişdi ki, əgər komendant saatı uzadılsa, şəhər administrasiyasına qarşı iddia qaldırılacaq. Nyu-York polis departamentinin komissarı Dermont Şi bildirib ki, komendant saatı gözlənildiyi dərəcədə səmərəli olmayıb. Azertac