Traktorsazidən qadınlara dəstək: Təbriz stadionunda türk qızların yeri boş
“Səhənd meydanında, türk qızların yeri boş!” şüarını səsləndirib və mahnılar oxuyan Traktorsazi azarkeşlərinin qadın-kişi bərabərliyinə verdikləri dəstək İranın müxtəlif ictima-siyasi qruplarının diqqətini cəlb edib.
Həmçinin yüzlərlə azarkeş stadionda “Azərbaycanın qızları, göylərin ulduzları, stadion yolları gözləyiri onları…” sözlərini mahnı şəklində oxuyublar.
İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan Təbrizin Traktorsazi futbol komandasının azarkeşləri bundan əvvəl də şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib və “Urmiyə Gölünün qurudulmasına etiraz” ediblər.
Keçən mart ayında Asiya Çempionlar Liqası oyunları çərçivəsində Təbrizdə keçirilən Traktorsazi-Əl-Cəzirə matçını izləmək üçün kişi paltarına girərək stadiona girməyə çalışan iki qadın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.