Traktor klubunun maliyyə və texniki problemləri azarkeşlərinin etirazına səbəb olub
Dünyada ən çox azarkeş toplayan futbol komandalarından biri olan İran Azərbaycanının populyar Traktor klubunun maliyyə və texniki məsələlərlə bağlı problemləri həmin komandanın tərəfdarlarının etiraz aksiyası keçirməsinə səbəb olub.
Azarkeşlər Traktor futbol komandasının borclarının ödənilməməsi, yeni oyunçuların cəlb edilməməsi və digər problemlərin həlli üçün idarə heyəti tərəfindən müəyyən addımların atılmaması nəticəsində yaranan qeyri-müəyyən vəziyyətə etiraz edərək mitinqi keçirib.
Avqustun-22 də Şərqi Azərbaycan valiliyi və Şərqi Azərbaycan Futbol Heyətinin binasının önündə aksiya keçirən Traktor azarkeşləri klubun borclarının ödənilmədiyi üçün yeni futbolçuların cəlb olunmaması və əvvəlki oyunçuların komandadan ayrılmasına etiraz ediblər.
Yayılan məlumata görə, aksiya başlamazdan əvvəl klubun rəsmiləri aksiya keçirən azarkeşlərlə görüşməkdən imtina ediblər. Azarkeşlər klubun sahibi və icraçı direktorunun aralarına gəlməsini tələb edərək, klubun vəziyyəti ilə bağlı məlumat verməyə çağırıblar.
Son günlərdə Traktor azarkeşləri Şərqi Azərbaycan Futbol Qurumu binası önündə və Təxti stadionunda toplaşaraq klubun müdirlərindən komandanın son durumu ilə bağlı cavabdeh olmaqlarını istəyiblər.
İSNA-ya danışan azarkeşlərdən biri Traktor komandasının 380 milyard tümən borcu olduğunu bildirərək, klub sahibinin bu borcları ödəmədiyini və bu səbəbdən komandaya yeni oyunçuların cəlb edilməsinin qeyri-mümkün olduğunu deyib.
Traktorun baş məşqçisi olan Kəmalvənd klubun sahibinin mali durumunun yaxşı olmadığını və borcları ödəməkdə çətinlik çəkdiyini bildirib.
Azarkeşlərin aksiyasından bir gün sonra Traktor klubunun icraçı direktoru Nəzmi klubun internet portalında yayımlanan bəyanatda Traktor üçün son günlərdə transfer pəncərəsinin açıla biləcəyi vədini versə də, dəqiq bir məlumat verməyib.
Ötən ilin dekabr ayında Asiya Futbol Konfederasiyası internet portalında keçirilən sorğu nəticəsində Traktor komandası 51 faiz səs alaraq, Asiyanın ən populyar komandası seçilmişdi.
VOA