“Tovhid Novruzinin özünəməxsus səsi və ifa tərzi var idi”
Mərhumu yaxındna tanıyan sənətkar Azəryar Danişvər Amerikanın Səsinə müsahibədə “Tovhid Novruzini digər sənətçilərdən fərqlənən səsi və tərzi ilə” tanıdığını ifadə edir.
“Tovhid Novruzi bir yandan çox məharətli sənətçidir. Bağlamanın ustasıdır. Özünə məxsus bir janrı, bir yolu və sufi-sayaq bir musiqisi var. Səsi də çox fərqlidir. Səsi bugünə qədər bizim eşitdiyimiz müğənnilərin səsinə bənzəmir. Tərzi tərzlərinə bənzəmir. Özünə məxsus bir yönü var. O, digər yandan, şəxsi həyatında da bir o qədər diqqət çəkici və zərafətli-gözəl insandır,” Azəryar Danişvər söyləyir.
Məsələn bəzi insanlarımız var ki, muğamları sevir, pop sevir, amma türkü söyləyişinə çox maraqları olmur. Bu tip insanlar Tovhid Novruzinin əsərlərinə qulaq asanda cəzb olurlar.
Onun sözlərinə görə, mərhum Novruzinin bağlama ilə “türkü” janrında ifa edilən mahnıların Azərbaycanda rəğbət qazanmasında xüsusi rolu olub:
“Onun sənəti ilə bağlı deyə bilərəm ki, məsələn bəzi insanlarımız var ki, muğamları sevir, pop sevir, amma türkü söyləyişinə çox maraqları olmur. Bu tip insanlar Tovhid Novruzinin əsərlərinə qulaq asanda cəzb olurlar. Çünki, onun həm səsində həm də ifa formasında bir çəkicilik var. Tovhid Nəvid Müsmirdən dərs alıb… Güney Azərbaycanda hərkəs bağlama üzrə çalışmaq istəsə, istər-istəməz ya Araz Elsəsin yolunu davam etdirəcəkdir, ya da Nəvid Müsmirin. Yəni bu ikisini təqlid edəcək. Ya da ki, məsələn Türkiyə ozanlarını örnək alacaq. Tovhid də zamanında Araz Elsəsdən təsir alıb. Təbii ki ustadı Nəvid Müsmirdən də təsir alıb. Türkiyə ozanlarını da çox dinləyib. Amma, Tovid nə bu günə qədər yaradılmış musiqi, yəni gündəmdə olan əsərləri təqlid edib, nə də onlardan qıraqda durub. O, çalışıb ki, Azərbaycanda ifa edilən musiqinin sufi musiqisi ilə olan bağlarını insanlara göstərsin.”
1985-ci ildə Xiyav (Meşginşəhr) şəhərində dünyaya gələn Tovhid Novruzi Təbriz Universitetində mülki mühəndislik üzrə təhsilini bitirdikdən sonra musiqi üzrə təhsil almaq üçün Azərbaycan Respublikasına gedib.
Tovhid Azərbaycan Respublikasında sənətçilərin diqqətini çəkir. Hətta muğam oxuyanların bir çoxunu sufi musiqisi və türkülərə doğru çəkmiş olur.
“Tovhid mühəndisliyin ardınca getməyib. Durub gedib Bakıya və Azərbaycan Milli Konservatoriyasında saz bölümündə təhsilə məşğul olub. Eyni halda, onun axı dərin bacarığı, hərkəsin diqqətini çəkə biləcək məharəti də var, bir studiya qurur. Orada əli daha açıq olur… Eyni halda oradakı musiqiçilər ilə əlaqələrindən dolayı yavaş yavaş əsl Tovhidi çıxarıb ortaya qoya bilir. Azərbaycanda sənətçilərin diqqətini çəkir. Hətta muğam oxuyanların bir çoxunu sufi musiqisi və türkülərə doğru çəkmiş olur,” Danişvər ifadə edir.
Son illərdə sənət sahəsində olduqca aktiv olan Novruzi xüsusilə Fərqanə Qasımova, Ayşən Mehdiyeva, Gülyaz Məmmədova, Elya Dəniz (Zamanova) və Hamid Bərzigər kimi müğənnilər ilə bağlama ifaçısı, aranjman və müğənni olaraq birgə əsərlər yaradıb.
Tovhid sənətini sadəcə məharəti ilə deyil, şəxsiyyəti ilə də irəliyə aparıb. Onun şəxsiyyətinin önəmli yönlərindən birisi təbiqətə olan sevgisidir.
Azəryar Danişvər deyir ki, “Tovhid yuxarı dərəcədə təvazökar idi. Özünü önə sürən bir insan deyildi. Daha çox çalışırdı ki, o musiqini gəlişdərərək başqa insanları da önə sürsün. Bir çox sənətçilərlə səhnələr alıb. Gənclərimizlə və hətta çox tanınmış sənətçilər ilə də səhnə alımış və işlər çıxarmışdır. Fərqli-fərqli əsərlər yazmış, gözəl aranjmanları və öz bəstələri olmuşdur.”
İran Azərbaycanında bağlama sazının ən bacarıqlı ifaçılarından biri olaraq tanınan mərhum Novruzi, eyni zamanda türk dil haqları və ətraf mühit müdafiəçisi kimi də fəaliyyət göstərib.
Danişvərin sözlərinə görə, “Tohid sənətini sadəcə məharəti ilə deyil, şəxsiyyəti ilə də irəliyə aparıb. Onun şəxsiyyətinin önəmli yönlərindən birisi təbiqətə olan sevgisidir. Məsələn gedib ağac əkirdi. Hətta buna musiqidən daha çox önəm verirdi. Əslində onun həyat fəlsəfəsi təbiətə olan sevgisindən yaranır. Məsələn Tovhid Novruzinin Facebook səhifəsində paylaşdığı bir videonu görəndə, öz-özümə hiss etdim ki, bax Tovhid həyat fəlsəfəsi olaraq Aşıq Veysəlin də təsirindədir. Ondan da gözəl təsir alıb. Aşıq Veysəl deyir ki, mən öləndən sonra mənim qəbrimi betonla örtməyin. İcazə verin mənim qəbrimin üstünə çiçəklər, ağaclar əkilsin. Tovhid də belə bir insandır.”
Güneyli sənətkar Tovhid Novruzi vəfat edib
Azəryar Danişvər müsahibədə həmçinin son vaxtlar, “türkü” janrının İran Azərbaycanı və Tehranda yayılmasına diqqət çəkir:
“Türkülər Güney Azərbaycanın hər tərəfində, hətta Tehranda çoxdandır yayılıblar. Bu sadəcə Tovhidin təsiri deyil. Araz Elsəsin təsiri var. Böyük sənətkarımız Nəvid Müsmirin də bunda təsiri var. Eyni halda Türkiyə mediasının da. Bu işlər o qədər gözəldirlər ki, sürətlə yayıla biliblər. Qədim bunlar yox idi, çünki, bizim o zaman türkü oxuya biləcək yaxşı sənətkarlarımız yox idi. Amma, zaman keçdikdə, insanlar məsələn Türkiyədə hazırlanmış əsərləri eşitdikdə, hətta filmlərin içində olan türkülər də çox təsir buraxıb insanlara.”