Toğrul Atabay: Rza Bərahəni türkcə düşünüb farsca yazan ədəbiyyatçılar məktəbindən idi
Yazar və türkoloq Toğrul Atabay Amerikanın Səsinə müsahibədə keçən həftə 86 yaşında vəfat edən təbrizli yazar və fikir adamı Rza Bərahənini çoxyönlü bir şəxsiyyət, bir aktivist, aydın və tənqidi ağlın ən iti sözlü təmsilçilərindən biri olaraq dəyərləndirir. Atabay hesab edir ki, Bərahəni öz dönəmini ötən bir ziyalı idi.
Tanınmış şair, yazar, ədəbiyyatşünas və Pen Kanadanın sabiq prezidenti Rza Bərahəni martın 24-də Kanadanın Toronto şəhərində həyatını itirib. Bərahəni uzun bir dönəm İranda fars şeiri ve hekayəsində yenilikçi axımların rəhbəri olub. Həmin dövrlərdə ölkənin bir çox nüfuzlu şair və yazarı özünü Rza Bərahəninin şagirdi hesab edib.
Doktor Bərahəni eyni zamanda demokratiya, insan hüquqları, ifadə azadlığı, türk dil haqları və qadın-kişi bərabərliyi uğrunda, habelə istibdad və senzuraya qarşı mübarizə aparıb və bu səbəblə həbs və işgəncəyə məruz qalıb.
İranın ədəbi və siyasi-ictinai mühiti Bərahəniyə dar gəlir
Toğrul Atabay deyir ki, “Bərahəni haqqında əhatəli bir tərif vermək istəsək, çoxyönlü bir şəxsiyyət olması və tənqidi ağlın ən iti sözlü təmsilçilərindən biri olmasıdır. Bəlkə bir kəlmədə xülasə etmək istəsək tam bir aktivist, aydın timsalı olduğu üçün bir çox sahədə eksperimental olaraq yeni çalışmalar ortaya qoyur və zirvəni fəth edir. Bərahəni ədəbiyyatı və düşüncəni bir çox İran aydının əksinə bilavasitə dünya dili olan ingilis dili vasitəsilə qazanır. İran ədəbi mühiti və siyasi-ictimai mühitinin əsiri qalmır. Orada məhbus qalmır. Ona görə, ədəbiyyatda post-modernizm və dekonstruksionizm ilə zirvəni fəth edir. Zamanla hətta farsca ona dar və yetərsiz gəlir. Şeir haqqında zəbaniyyət və ya dilsəllik nəzəriyyəsində ona toxunur. Eyni şəkildə o toplumdakı o qavramlar, o tabular ona çox dar gəlir. Ona görə, bir çox şeydə birincilliyin təməlini atır.”
“Yurdumun Sirləri”, “Öldürülənlərin Avazı” və “Ayaz bəyin cəhənnəm günləri” kimi romanlar və bir çox şeir toplusunun müəllifi olan Rza Bərahəni eyni zamanda müasir İranın ən önəmli ədəbi tənqidçsi kimi tanınır. Onun “Misdə Qızıl”, “Maskulin Tarix” və “Taclı Adamyeyənlər” kimi əsərləri ədəbiyyat və İranın siyasi, ictimai və sosio-tarixi strukturu üzrə yazılmış ən önəmli tənqidi əsərlər olaraq hesab edilirlər.
Bərahəninin əsərləri və çalışmalarının təməli tənqidi ağıldır
Toğrul Atabaya görə, Bərahəni açıqsözlülük və açıqgörüşlülüyü ilə tanınan və haradasa ömrünün sonunadək intellektual ardıcıllığını qoruyan bir aydındır.
“Tənqiddə, istər ədəbi olaraq, istər siyasi-mədəni olaraq, Bərahəninin o coğrafiyada heç bir bənzəri yoxdur. Bunların yanında, o, duruşu olan bir aydındır. O coğrafiya üçün çox fərqli və aydın biridir. Haradasa ömrünün sonuna qədər intellektual tutarlılığı olan bir aydındır. Bunların yanında, o fikirlərinin sadəcə sözdə qalmaması, bir nəzəriyyə olaraq qalmaması, bunları eyləmə və əmələ tökməsi, siyasi bir duruş sərgiləməsi ilə bilinən bir şəxsiyyətdir. Olduqca çoxyönlü və keyfiyyətli bir şəxsiyyətdir. O, bir cəmaət-kütlə zehniyyətinə sahib olan bir cəmiyyətdə müstəqil bir fərd olaraq, yetkinləşmiş bir fərd olaraq ortaya çıxır. Ona görə də taleyi haradasa hər zaman tək olmaq olur,” Atabay söyləyir.
Toğrul Atabay Bərahəninin bütün əsərləri və çalışmalarının təməlinin tənqidi ağıl olduğunu vurğulayır:
Bərahəni özünü türkcə düşünən ədəbiyyatçılar məktəbindən bilir. Yəni, türkcə düşünüb farsca ifadə etmək məcburiyyətində qalır. “Bərahənini tanımaq üçün, o, əslində tipoloji olaraq 19-cu əsrin bir aydını kimi ortaya çıxır. Aktivist bir aydın olaraq. Bütün çalışmalarının təməli tənqidi ağıldır. Bu, İranda biraz qərib mənimsənir. Çünki, Bərahəni əslində Azərbaycan aydınına məxsus bir ənənədən gəlir. Yəni, 19-cu əsrdə Mirzə Kazım bəy və Axundovla başlayan tənqidi ağlın davamçısıdır. Molla Nəsrəddinlə davam edən və Möcüzlə (Şəbistərli) zirvəyə çatan tənqidi ağlın varislərindən biridir. Bunlar siyasi gücdən uzaq olduqları üçün hesabçı və işbirlikçi deyillər. O degenerasiyaya uğramış və sarsılmış hakim mədəniyyətən uzaq dururlar.”
Mərhum Bərahəni həm Pəhləvilər həm də İslam Respublikası dönəmində türk dil haqlarının aktiv müdafiəçilərindən olub və romanları daxil olmaqla, müəllifi olduğu kitabların əksərində türk dili üzərindəki qadağalara diqqət çəkib. O, bu səbəblə İranın ədəbi və siyasi mühitlərində mütəmadi olaraq pan-türkist damğasına məruz qalıb.
“Türkcə düşünüb farsca yazan” Bərahənini Toğrul Atabay post-kolonial ədəbiyyatın bir təmsilçisi kimi qiymətləndirir:
“Bərahəni özünü türkcə düşünən ədəbiyyatçılar məktəbindən bilir. Yəni, türkcə düşünüb farsca ifadə etmək məcburiyyətində qalır. Zaman-zaman da xüsusilə şeirlərində görürük ki, farscanın quruluşu onun o qlobal məfkürəsinə dar gəlir. Onu aşmaqda çətinlik çəkir və şüurlu bir şəkildə özü də bir neçə yerdə bunu dilə gətirir. Bizim baxışımıza görə, post-kolonial ədəbiyyatın bir təmsilçisi olduğu və farscanı da kolonial dilin məcburi vasitəsi kimi işlətdiyi üçün oradan da bir təpki var. Yəni bu dili o sistemin əleyhinə istifadə etməyə çalışır. Bir çox yerdə də dilin öz quruluşuna da qarşı çıxmaqla etirazını dilə gətirir.”
Atabayın sözlərinə görə, Rza Bərahəni, Səməd Behrəngi (1939-1968) və Qulamhüseyn Saidi (1936-1985) fars dilində yazsalar da, əsərlərində hər zaman müstəmləkə məsələsinə yer veriblər.
Təbriz məktəbinin üçlüsü
“Öz ifadələri ilə, bir üçlü var Təbriz ekolunda (məktəbində). Bərahəni, Saidi və Behrəngi. Bunlar türkcənin yasaq olduğu bir dönəmdə və bir tərəfdən də türkcənin standard bir oxuyucusunun olmadığı bir vəziyyətdə farsca yazmağa məhkum qalırlar. Türkcə düşünürlər və farsca yaradırlar. Eynən bunların rol modeli olaraq gördükləri Latın Amerikası və Afrikanın bəzi ölkələrindəki kimi və ya Qərbdə, özəlliklə, bəzi varoluşçu (ekzistensialist) müstəmləkə qarşısı olan aydınlar kimi, bunlar var olan dildən onun əleyhinə istifadə etməyə çalışırlar. İstər Bərahəni olsun, istər Behrəngi və ya Saidi, bunlar hər zaman xüsusilə hekayələrinin alt mətnində o müstəmləkə məsələsinə ciddi şəkildə qarşı çıxırlar. Bərahəni “Misir Səfəri” kitabında türkcə düşünüb farsca yazanları Nizamidən başlayaraq nəzəriyyələşdirməyə çalışır. Yəni bunlar mahiyyət olaraq digər farsca yazanlardan fərqlidir. Bir hərəkətlilik var bunların əsərlərində. Hər zaman bir təbdili-məkan var,” Atabay bəyan edir.
Bəzi fəallar Rza Bərahəninin türk dil haqları uğrunda mücadiləsində səmimi olmadığını irəli sürürlər. Onlara görə, Bərahəni səmimi idisə türkcə əsərlər yazmalı idi.