Tehranda həbsdə olan Əlirza Fərşinin müalicə məzuniyyəti 15 gün uzadılıb
Yanvar ayının 27-də gözlərindən əməliyyat olunan türk dil haqları fəalı Əlirza Fərşi məzüniyyət müddətinin daha 15 gün uzadıldığını bildirib.
Böyük Tehran həbsxanasında həbsdə olan siyasi fəal bu haqda öz Instagram səhifəsində məlumat verib.
Əlirza Fərşi həbsdə olduğu üçün uzun müddət idi gözünün vəziyyəti və qanda yüksək şəkəri problemi ilə əlaqədar lazımi tibbi xidmətdən məhrum idi.
Amnesty International daxil olmaqla, bir çox beynəlxalq insan haqları təşkilatı keçən il yayımladıqları ayrı-ayrı bəyanatlarda İran rəsmilərindən Əlirza Fərşiyə lazımi tibbi yardım göstərilməsini tələb etmişdilər.
Əlirza Fərşi dil haqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O hazırda Tehran həbsxanasında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir.
Türk dil haqları fəalı bu iki ili başa vurduqdan sonra iki il sürgünə göndəriləcək. O əlavə olaraq başqa bir məhkəmənin qərarı ilə daha 4 il və 2 ay həbs, 2 il qeyri-hökümət təşkilatlara üzv olmaqdan məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay icbari əmək cəzasına məhkum edilib.