Tehranda 3 türk dil haqları fəalı həbs edilib
Tehranda fəaliyyət göstərən türk dil haqları fəalları Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı iyulun 21-də Tehranda nəzarət altına alınıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi onların iş yerlərində İranın polis qüvvələri tərəfindən saxlanıldığını bildirib.
Fəalların hansı səbəblərə görə tutulduğu barədə məlumat yayılmayıb, lakin hər üç fəal dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum olublar.
Tehran Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi və Əkbər Azadın kassasiya şikayətinə baxmışdı. Keçən yanvar ayında məhkəmə tərəfindən fəalların hər birinə qarşı 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzası çıxarıldı.
Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.
Əlirza Fərşi həmçinin keçən yanvar ayının 8-də təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və tərqibən üç ay sonra 400 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.VOA