Tehran prokurorluğu milli fəalın kəşfiyyat qüvvələrinə qarşı şikayətinə baxmaqdan imtina edib
Hazırda Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi bir müddət əvvəl İranın kəşfiyyat qüvvələri və bu qüvvələrə “yardım və vasitəçilik” edən prokuror Hadi Səmədpurdan şikayət etmişdi. Tehran Ümumi və İnqilab prokurorluğu Fərşinin şikayətinə baxmağı rədd edib.
Əlirza Fərşi şikayətində “məmurların vətəndaşları təhdid və təhqir etdiyini, habelə şəxsləri qanunsuz şəkildə həbs edib gizlətdiklərini, prokurorluğun isə buna yardım və vasitəçilik etdiyini” önə çəkmişdi.
Amerikanın Səsinin surətini əldə etdiyi Tehran Vilayəti Ədliyyə İdarəsinin sənədində yazılanlara görə, Tehran Ümumi və İnqilab prokurorluğu bu şikayətə baxmaq səlahiyyətinə sahib olmadığını bildirib.
Sənəddə yazılıb ki, “aldığımız məlumata görə, ikinci sıradakı cavabdeh şəxs (prokuror Hadi Səmədpur) ilahiyyat təhsili alıb və din xadimidir. Din Xadimlərinə Məxsus Məhkəmənin nizamnaməsinə əsasən, din xadimlərinə qarşı şikayətlərə Din Xadimlərinə Məxsus Məhkəmə baxmalıdır. Həmçinin yardımçı və vasitəçilərin ittihamları da eyni məhkəmədə ələ alınmalıdır. Buna səbəblə, iddiaların doğru və ya yanlış olmasından asılı olmayaraq bu şikayətə baxmaq Ümumi və İnqilab prokurorluğunun səlahiyyətində deyil.”
Fərşi dil hüquqları sahəsində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs, işdən qovulma və digər basqılara məruz qalıb.