Tehran məhkəməsi siyasi məhbus Əlirza Fərşini yeni ittihamlarla mühakimə edir
Daha əvvəl dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə həbsə məhkum olmuş və hazırda Tehranın Evin həbsxanasında saxlanılan türk fəal Əlirza Fərşi Tehran İnqilab Məhkəməsində yeni ittihamlarla mühakimə edilir.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, siyasi fəal çərşənbə günü əlləri qandallanaraq İnqilab Məhkəməsinin 26-cı şöbəsinə aparılıb.
Azərbaycan İnsan Haqları Cəmiyyətinə (Ərk) istinadən, “Fərşiyə məhkəmə iclasının zamanı haqqında əvvəlcədən məlumat veriməyib. Fəalın vəkili də mühakimə tarixini bilmədiyi üçün məhkəmədə hazır ola bilməyib.”
Türk dil haqları fəalının “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olma” və “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamları ilə günahlandırıldığı bildirilir. Əlirza Fərşi bu ittihamlarla əlaqədar 2020-ci ilin yanvar ayında nəzarət altına alınıb, təqribən 3 ay sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Siyasi fəal az müddət sonra, 2020-ci ilin iyul ayının 21-də Behnam Şeyxi və Həmid Mənafi ilə bərabər Tehranda nəzarət altına alınaraq, daha əvvəl dil hüquqları üzrə fəaliyyətləri səbəbilə məhkum olduğu həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına göndərilib. Hər üç fəal dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilib.
Əlirza Fərşi dil hüquqları sahəsində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs cəzası, işdən qovulma və digər basqılara məruz qalıb.
Amnesty International 2018 fevral ayında Dünya Ana Dili Günü münasibətilə yayımladığı bəyanatda Əlirza Fərşini belə təqdim edib: “O, cəsurdur. Azlıqların hüquqlarının təmin edilməsi üçün kampaniyalar təşkil edir.”
VOA