Tehran Kitab Sərgisində türkcə kitablar rəğbətlə qarşılanır
Tehran Beynəlxalq Kitab Sərgisi 1700-dən artıq daxili və xarici nəşriyyatın iştirakı ilə may ayının 11-də işə başlayıb və mayın 21-ə qədər davam edəcək.
İranın dövlət agentliyi İRNA Təbriz və İran Azərbaycanının digər şəhərlərindən sərgiyə qatılan naşirlər haqqında “Kitab qurtuluşa yol göstərən işıqdır” başlığı altında bir reportaj yayıb. İRNA reportajın başlığını türk dilində dərc edib.
“Kitab sərgisinin koridorları belə türkləri bir-birindən ayıra bilmir. Hər naşir öz kitablarını təqdim etdikdən sonra ziyarətçiləri digər koridordakı türk naşirlərə yönləndirir və deyir, onlar da türk dilində yeni əsərlər gətiriblər. Onlara da baş vurun,” İRNA yazıb.
Təbrizdən sərgiyə qatılan Azərbaycan nəşriyyarının müdiri Hüseyn Quluzadə agentliyə deyib ki, “bu bir neçə gündə bir çox gənc qız və oğlan gəlib bizdən türkcə kitablar alıblar. Bu da bizi zövqə gətirir, yoxsa kağız qiyməti, inflyasiya və koronavirus kimi sıxıntılar nəfəsimizi tükətmişdi.”
İRNA, həmçinin təbrizli həkim və yazar Pərisa Sai ilə müsahibə aparıb. Sainin çapa hazırladığı iki kitab sərgidə satışa qoyulub.
“Pərisa Sai satışa qoyduğu kitabları bizə göstərdi. Paulo Koelyonun Rio-Pyedranın sahilində oturdum və ağladım əsəri və Rəşad Nuri Güntəkinin Dodaqdan Qəlbə əsəri. Sai deyir ki, hər iki kitabı Türkiyə ləhcəsindən öz türkcəmizə köçürdüm. Kitablarla türk dilini qorumağa çalışırıq,” reportajda dərc edilib.
Əxtər nəşriyyatının müdiri Məcid Simsari isə deyib ki, “keçən il türk dilində 20 kitab nəşr etdim. Həmşəhərlilərim və dildaşlarım İranın hər hansı bölgəsində olurlar olsunlar, nəşr etdiyimiz yeni türkcə kitabları mağazadan və ya onlayn satın alırlar. Bu bir neçə gün ərzində də pavilyonumuza gəlib bizi ziyarət etdilər.”