Tehran həbsxanasında saxlanılan türk fəal 3 günlük məzuniyyətə çıxıb
Tehranın Evin həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları fəalı Behnam Şeyxi 3 gün müddətinə məzuniyyətə çıxıb.
Behnam Şeyxi evli və Ayhan və Orhan adlı iki əkiz oğlanların atasıdır. Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, o, mülki zəmanət qarşılığında iyunun 15-də məzuniyyətə buraxılıb.
Behnam Şeyxi keçən ilin iyul ayının 21-də Həmid Mənafi və Əlirza Fərşi ilə bərabər Tehranda nəzarət altına alınaraq Evin Həbsxanasına göndərilib. Şeyxi, Mənafi və Fərşi dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum ediliblər.
Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.
2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi onlara 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında fəalların hökmünü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirdi.
VOA