Tehran həbsxanasında saxlanılan Əlirza Fərşi 4 il daha həbsə məhkum edilib
Tehran məhkəməsi Evin həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları fəali Əlirza Fərşini 4 il və 2 ay daha həbsə məhkum edib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinin hakimi İman Afşari siyasi fəala qarşı əlavə olaraq, 2 il qeyri-hökümət təşkilatlara üzv olmaqdan məhrumiyyət və Tehran Bələdiyyəsində 2 ay məcburi əmək cəzası çıxarıb.
Fərşi həbsxanadan yaxınlarına bir səs qeydi göndərərək mühakimə prosesi və çıxarılan qərar haqqında məlumat verib.
Milli fəalın dediklərinə görə, “martın 16-da 5 dəqiqəlik bir məhkəmə iclasında mühakimə edildikdən sonra 31 mart səhər saatlarında əllərim və ayaqlarım qandallı bir şəkildə hakim İman Afşarinin sədri olduğu İnqilab Məhkəməsinin 26-cı şöbəsinə aparıldım. Ayaqlarıma taxılan qandalların ucunun kəskin olduğu üçün çətinliklə yeriyə bilirdim. Orada 28 mart tarixində imzalanmış məhkəmə qərarını mənə göstərdilər.”
Mühakimə prosesi boyunca vəkillə təmin edilmədim. Məhkəmə dosyesini nə özümə göstərdilər, nə də vəkilimə.Əlirza Fərşi
Məhkəmə qərarına əsasən, “Əlirza Fərşi “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olma” ittihamı ilə əlaqədar 3 il və 6 ay, “nizama qarşı təbliğat” ittihamından isə 8 ay həbs cəzası alıb. Həmçinin Fərşinin ‘məhkumluq keçmişini’ diqqətə alınaraq, dəstələr, cəmiyyətlər və qruplara üzv olmaqdan 2 il məhrumiyyət, habelə Tehran Bələdiyyəsində hər gün 4 saat olmaqla, 2 ay məcburi əmək cəzası da hökmə əlabə edilib.”
Fərşi deyir ki, “mühakimə prosesi boyunca vəkillə təmin edilmədim. Məhkəmə dosyesini nə özümə göstərdilər, nə də vəkilimə.”
Əlirza Fərşinn rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərə türkcə kitablar hədiyyə edirdi. Fərşi həmin vəqfin fəaliyyətlərinin ona qarşı çıxarılan hökmdə dəlil hesab edildiyini bildirir:
“Hakimə dedim ki, nizama qarşı təbliğat ettdiyimə dair sadəcə bir sənəd göstərə bilərsinizmi? Və ya milli təhlükəsizliyə qarşı toplaşıb və əlbir olduğumu göstərən bir dəlil varmı? Dosyeni açıb kəndlərə vəqf etdiyim türkcə kitablar ilə əlaqədar bir görüntü göstərib soruşdu ki, bu kitablar nədir? Dedim ki, rəsmi icazə ilə çap olmuş kitablardır ki, kəndlərə vəqf etmişəm, bu suçmu? Instagram səhifəmdə paylaşdığım Abbas Lisani və digər siyasi məhbusların görüntülərinə işarə edərək dedi ki, bu, yəni toplaşma və əlbir olma. Dedim ki, onlar da mənim kimi ədalətsiz məhkəmələrin qurbanı olub.”
Fərşi hazırda Tehranın Evin həbsxanasında dil hüquqları uğrunda göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl məhkum olduğu 2 illik həbs cəzasını çəkməkdədir.
VOA