Tarixə möhrünü vuran əfsanəvi Həsənli Təpəsi
İranın Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərinin 8 kilometr şimal-şərqində və Urmiyə gölünün 10 kilometr cənubunda əfsanəvi Həsənli Təpəsi adlı bir tarixi əsər yerləşir. Hər nə qədər də bu gün İran rəsmiləri tərəfindən əhəmiyyət verilməsə də, dünyaca məşhur arxeoloqlar bu təpənin əhəmiyyəti və tarixi barəsində araşdırmalara və kitablar yazmağa davam edirlər.
İran və Yaxın Şərqin dəmir dövründən miras qalan Həsənli Təpəsi İran tərəfindən prioritet olmadığı üçün BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə qurumu UNESCO-nun ümumdünya irsi siyahısında müvəqqəti olaraq qeydə alınıb və rəsmi qeydiyyata alınmayıb.
1965-ci ilində İranda milli əsərlər siyahısına alınan Həsənli Təpəsi arxeoloqların araşdırmalarına görə, tarix boyu 10 fərqli dövrdə mədəniyyətlərə ev sahibliyi etmişdir ki, 10-cu dövrü 8 min il öncəyə dayanır. Ən yaxın mədəniyyət sayılan 1-ci dövr isə Elxanlı dövrəsinə aiddir. Arxeoloqlara görə, bu 10 dövrün, ən önəmlisi 3-cü və 4-cü dövr üç-dörd min öncəyə aiddir.
Tarixi təpə ən ehtişamlı dövrlərdə böyük bir qaladan ibarət imiş ki, 3 metr qalınlığında və 7 metr hündürlüyündə divar ilə əhatə olunmuşdu. Bu divar bir birindən 30 metr məsafəsi olan yeddi kvadrat şəkilində 10X10 metr ölçüsündə qüllələrlə mühafizə edilirdi.
250X285 metr ölçüsündə və 20 metr hündürlüyündə olan bu tarixi təpədə 5 fərqli komanda tərəfindən arxeoloji çalışmalar aparılmış, bu çalışmaların birincisi 1934-cü ildə İranlı komanda tərəfindən, ikincisi 1936 da İngilis arxeoloq Mark Avrel Steyn tərəfindən, üçüncü və dördüncü çalışmalar 1947 – 1949 illərində yenə İran arxeoloqları tərəfindən və beşinci və ən dəqiq çalışmalar isə 1955-ci ildə Amerika arxeoloqu, professor Robert H. Dyson rəhbərliyində başlamış, ancaq İran İslam İnqilabı nəticəsində yarım qalmışdı. Həmin dövrdə dünyaca məşhur Həsənli qızıl kasası kəşf edilmişdi. İslam İnqilabından sonra isə ara sıra arxeoloji çalışmalar davam etdirilmiş və bu dövrün ən əhəmiyyətli kəşfi fərqli üçdirəkli məbədlər olmuşdu.
Arxeoloqlar Həsənli Təpəsini Yaxın Şərqin Pompeyi (İtaliyada olan məşhur tarixi şəhər) adandırıblar. Səbəbi isə təpənin 3-4 min il öncəyə aid qatında əsərlərin toxunulmamış qalmasıdır. Düşmən hücumu nəticəsində çıxan böyük bir yanğın ardından kərpicdən tikilmiş qalanın bir anda çökməsi və nəticədə heç bir şey dağılmadığına görə əsərlərin saxlanılması günümüzdə arxeoloqların o dövrə aid mədəniyyət barəsində əhəmiyyətli məlumat əldə edə bilməsinə yardımçı olub.
Tarixi təpənin ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun memarlıq üslubu sayılır. Tarixi təpənin 4 min il öncəyə aid hissəsində 430 kvadrat metrlik dörd cərgə sütundan ibarət bir salon Amerika heyətinin çalışmaları zamanı kəşf edilmiş ki, bu. o dövrün mədəniyyətində böyük bir təkamülün simvolu sayılır. Bu zal İran ərazisində tapılan ən qədim sütunlu zaldır.
Qərbi Azərbaycan vilayətinin mədəni İrslər və Əl Sənətləri İdarəsinin direktoru 2019-cu ilində verdiyi müsahibədə Həsənli Təpəsindən 14 min tarixi obyektin kəşf olduğunu bəyan etmişdi, ancaq bu 14 min obyektdən 7 min obyektin İran muzeylərində saxlandığını da bildirmişdi, o, digər obyektlər barəsində məlumat verməmişdi. O, bu obyektlərdən 27-nin İranın milli əsəri olaraq qeyd olunduğunu da ifadə etmişdi.
Bu tarixi təpədə kəşf olanan obyektlərin ən önəmlisi dünyaca ünlü Həsənli Qızıl Kasasıdır. 950 qram saf qızıldan düzəldilmiş bu əsərin tarixi 3200 və 3500 il öncəyə dayanır. 1957-ci ildə Robert Dyson tərəfindən tapılan bu obyektin məşhur olma səbəbi üzərindəki naxışlar və o naxışların daşıdığı anlamlardır. Arxeoloqlara görə, bu naxışlar dini və epik nağılları əks etdirir. Naxışların ən əhəmiyyətli və məşhuru 3 tanrı yəni su, yer və günəş tanrısı naxışlarıdır. Robert Dyson daha sonra xatirələrində qızıl kasanın kəşfi barəsində belə deyir: “Həsənli Qızıl Kasası elə bir əsərdir ki, onun kəşfi hər bir arxeoloqun həyatına yetər.”
Tarixi təpənin bu gün İran rəsmiləri tərəfindən diqqətə alınmamasına baxmayaraq, dünyanın məşhur arxeoloq və tarixçiləri tarixin dərin qaranlıqlarında işıq tapmaq üçün bu tarixi təpədən əldə edilən məlumatı incələməyə davam edirlər.
2018-ci ildə ABŞ-ın Kolumbiya Universitetindən Migen Cifarelli adlı bir tarixçinin yazdığı və İsraillin Haarets qəzetində dərc olunan məqalədə qızıl kasanın naxışları və təpədən əldə edilən digər sənədlər üzərində tədqiqatlardan belə qənaətə gəlindi ki, o dövrədə kişi və qadınla bərabər homoseksuallar da qəbul edilirdi.
VOA