Təbrizdə təqaüdçülər piket keçirib
Təbrizdə Sosial Təminat Təşkilatının təqaüdşüləri valilik binasının qarşısında toplaşaraq, maaşlarının ədalətsiz olduğuna etiraz ediblər.
Bu barədə İLNA xəbər agentliyi (Iranian Labour News Agency) məlumat yayıb.
Xəbərdə Sosial Təminat Təşkilatının təqaüdçülərindən əlavə digər idarələrin də təqaüdçüləri və pensiyaçılarının aksiyada iştirak etdiyi qeyd edilib.
Piket keçirən vətəndaşların məişət şəraitinin ağırlaşdığını və rəsmilərin verdikləri vədləri yerinə yetirmədiklərinə etiraz olaraq şüarlar səsləndirdiyi bildirlib.
Həmçinin Şərqi Azərbaycan vilayətinin Telekommunikasiya idarəsinin təqaüdçüləri həmin idarənin həyətində toplaşaraq məişət şəraitlərinə diqqət yetirilməsi və gecikmiş maaşlarının ödənilməsini tələb edib.
2 min 700 təqaüdçüsü olan Şərqi Azərbaycan vilayətinin Telekommunikasiya idarəsinin aksiya keçirən təqaüdçüləri, tələblərinin yerinə yetirilmədiyi təqdirdə Təbriz qubernatorluğu və valilik binaları qarşısında toplaşacaqlarını bildiriblər.
Təqaüdçü aksiyaçılar ölkədə tüğyan edən inflyasiyaya uyğun olaraq pensiyalarının tənzimlənməsini və sığorta problemlərinin həllini tələb ediblər.
Ölkənin rəsmi mənbələri ötən fevral ayında illik ümumi inflyasiyanın 41,4% olduğunu açıqlayıb. Lakin ərzaq məhsullarının inflyasiyasının ümumi inflyasiyadan daha yüksək olduğu bildirilir.
İran parlamenti ölkədə ağır məişət şəraitinə qarşı bir addım olaraq, əsas malların və xüsusilə ərzaqın daha ucuz qiymətlə xalqa satılması üçün elektron kuponların verilməsi haqda qərar qəbul edib.