Təbrizdə siyasi fəal Mehdi Həmidi Şəfiq İnqilab Qvardiyasının təcridxanasına göndərilib
Məhsa Əmininin öldürülməsi ilə başlanan kütləvi etirazlarla əlaqədar Təbrizdə nəzarət altına alınan siyasi fəal Mehdi Həmidi Şəfiq İslam İnqilabı Qvardiyasına (Sepah) məxsus həbsxanaya göndərilib.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və Oyrənci kimi xəbər saytlarının bildirdiyinə görə, sentyabrın 20-də Təbriz küçələrində saxlanılan tanınmış fəal hazırda İnqilab Qvardiyası təhlükəsizlik qurumunun təcridxanasında saxlanılır.
Təhlükəsizlik qüvvələri Mehdi Həmidi Şəfiqi sentyabrın 20-də Təbrizin Əbureyhan küçəsində maşınından endiriblər. Hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, mülki geyimli məmurlar onu həyat yoldaşının yanında döyüb və avtomobilinin şüşələrini sındırıblar.
Mehdi Həmidi Şəfiq daha əvvəl də siyasi və mədəni fəaliyyətlərindən dolayı həbs və mühakimə olunub. O, 2011-ci ildə İran Azərbaycanında Urmiyə gölü ilə bağlı baş verən kütləvi etirazlar ilə əlaqədar mühakimə edilib və uzun müddət həbsdə qalıb.
İranda əxlaq polisi tərəfindən saxlanılan gənc qadının ölümünün ardınca baş qaldıran kütləvi etirazlar fonunda İran Azərbaycanının müxtəlif şəhərlərində bir çox vətəndaş və siyasi fəal nəzarət altına alınıb.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz, Urmiyə, Ərdəbil və Zəncan şəhərləri başda olmaqla müxtəlif bölgələrdə onlarla fəal və vətəndaş saxlanılıb. Bəzi vətəndaşlar aksiyalara qatıldığı üçün tutulub. Təhlükəsizlik qüvvələri bəzi fəalları isə aksiyalara qatılmalarının qarşısını almaq üçün həbs edib.