Təbrizdə siyasi fəal Azərbaycana dəstək mitinqi ilə əlaqədar cərimələnib
Dağlıq Qarabağda hərbi münaqişə zamanı İran Azərbaycanında keçirilən aksiyalarla əlaqədar iki ayrı məhkəmədə mühakimə edilən siyasi fəal Zeynal Tənhayi ikinci dəfə cərimələnib.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz Cəza Məhkəməsi qiyabi olaraq mühakimə etdiyi fəalı 500,000 tümən cərimə ödəməyə məhkum edib.
Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədinə əsasən, Tənhayi “internetdə yalan xəbər yayma” ittihamı ilə mühakimə olunub.
Zeynal Tənhayi Azərbaycan Respublikasına dəstək aksiyaları ilə əlaqədar iki ayrı məhkəmədə mühakimə edilib. Fəalı “nizama qarşı təbliğat” ittihamı ilə mühakimə edən Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi isə daha əvvəl onu 3 milyon tümən cərimə ödəməyə məhkum etmişdi.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Tənhayi keçən ilin oktyabr ayında Azərbaycana dəstək mitinqləri ilə bağlı yayılan bildirişlərlə əlaqədar nəzarət altına alınmış, lakin o özü mitinqlərə qatılmamışdı.
Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən aylar ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs, şallaq və cərimə kimi cəzalar çıxarıaırkən, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.
VOA