Təbrizdə ictimai nəqliyyatın 60%-i köhnə və yararsız vəziyyətdədir
Təbriz şəhərinin ən böyük problemlərdən biri olan ictimai nəqliyyat sistemi hələ də bərbad vəziyyətdədir. istifadə olunan avtobusların 60 faizi köhnə və yararsız vəziyyətdədir.
Təbriz Şəhər Şurasının İnşaat və Nəqliyyat Komissiyasının sədri Abdulla Tağıpur bu barədə məlumat verib.
Şəhər şurasının iclasında çıxış edən Tağipur müvafiq qurumların avtobus parkının yenilənməsi barədə xəbərdarlıqlara önəm vermədiklərini bildirib.
O əlavə edib ki, hazırda şəhərin ictimai nəqliyyat sistemində istismarda olan 750 avtobusdan 450 ədədi tamamilə yararsız vəziyyətdədir və yenilənməlidir.
Tağipurun sözlərinə görə, bu problemə laqeyd yanaşmaq sentyabr ayında məktəblərin açıldığı zaman problemlərə səbəb olacaq.
O, şurada keçirilən iclaslarda Təbrizdəki mövcud vəziyyəti tənqid etməyə icazə verilmədiyini bildirərək əlavə edib ki: “Əvvəlki iclasda bələdiyyə başçısına ünvanladığım sual bu gün cavablandırılmalı idi, lakin bu barədə hələ ki heç bir cavab yoxdur”.
Tağipur şuranın idarə heyətinə ona söz haqqı tanımadıqları təqdirdə məsələləri kütləvi informasiya vasitələri ilə bölüşəcəyi barədə xəbərdarlıq edib.