Təbrizdə həbs edilən Röya Zakiri haqqında məlumat yoxdur
Təbrizdə məcburi hicab qaydalarına riayət etmədiyi üçün həbs edilən Röya Zakiridən xəbər yoxdur.
Röya Zakirinin Təbrizdə Kəşfiyyat İdarəsinin təcridxanasında dindirildiyi bildirilir.
Vəkil Sina Yusifi X hesabında (keçmiş Twitter) Təbrizin qızı adı ilə sosial mediada məşhurlaşan Röya Zakirinin son vəziyyəti ilə bağlı yazıb ki, o, hələ də Təbriz Kəşfiyyat İdarəsində qeyri-qanuni həbsdədir və vəkillərin onun müdafiə öhdəliyini götürə bilməsi mümkün olmayıb.
Hüquq müdafiəçisinin bildirdiyinə görə, bəzi azərbaycanlı vəkillərin səylərinə baxmayaraq, onun işi Kəşfiyyat İdarəsindən məhkəməyə göndərilmədiyi üçün dosyeni incələyə bilmirlər.
Oktyabrın 15-də sosial mediada paylaşılan videoda bir gənc qızın Təbrizdə tək adamlıq etiraz aksiyası keçirərək, İranın dini lideri Əli Xameneiyə qarşı şüarlar səsləndirdiyinin görüntüləri viral olub. Bu videonun sosial mediada sürətlə yayılmasının nəticəsində ilk başda kimliyi məlum olmayan qız “Təbrizin qızı” adı ilə tanınıb. Hüquq müdafiəçiləri daha sonra bu gənc qızın adının Röya Zakiri olduğunu bildirərək, onun məcburi örtünmə qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən döyüldüyünü və kəşfiyyat agentləri tərəfindən saxlanıldığını bildiriblər.
Şərqi Azərbaycan vilayətinin polisi yaydığı bəyanatda bu qızın “ruhi xəstə” olduğunu iddia edərək, onun Təbrizdəki nevroloji və ruhi xəstələrə özəl Razi Xəstəxanasına köçürüldüyü xəbərini yayımlayıb. Bir neçə gündən sonra, prokurorluğun göstərişi ilə Röya Zakirin xəstəxanadan Təbriz Kəşfiyyat İdarəsinə köçürüldüyü bildirilib.