Təbrizdə fəallar Şahin Bərzgər və Siyamək Fərəczadə prokurorluğa çağırılıb
Təbrizdə milli fəallar Şahin Bərzgər və Siyamək Fərəczadə (Qaradağlı) prokurorluğa çağırılıblar.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, iki fəala ayrı çağırış vərəqələri göndərilərək, onlardan müəyyən edilmiş möhlət içində Təbrizin ümumi və inqilab prokurorluğunun 15-ci şöbəsinə müraciət etmələri tələb edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, İranın təhlükəsizlik qüvvələri keçən iyul ayının 13-də Şahin Bərzgəri nəzarət altına almaq üçün onun evinə getmiş, ancaq fəalı evdə tapmamışdılar.
“Təhlükəsizlik qüvvələri Bərzgərlərin evinin qapısını sındırıb və Şahin Bərzgərin bacısı və qardaşına qarşı zorakılıq tətbiq etmişdilər,” HRA bildirib.
Şahin Bərzgər daha əvvəl də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakimə edilib. O, 2021-ci ilin iyul ayının son günlərində nəzarət altına alınıb və bir neçə həftə sonra müvəqqəti olaraq sərbəst buraxılıb.
Siyamək Fərəczadənin (Qaradağlı) isə keçən iyun ayında illik Babək Qalası yürüşü ilə əlaqədar saxlanıldığına dair məlumat yayılmışdı.